×
A
A
A
Sazlamalar

Soyuq aylarda aktivləşən infeksiyalar arasında ən təhlükəlisi qrip virusudur

Bakı, 8 fevral, AZƏRTAC

Soyuq aylarda aktivləşən infeksiyalar arasında ən təhlükəlisi qrip virusudur. Qrip infeksiyası zamanı sinir sisteminin, müxtəlif orqanların zədələnməsi halı müşahidə edilə bilər.
AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-infeksionist Təyyar Eyvazov nazirliyin rəsmi instaqram səhifəsindəki canlı yayım zamanı deyib.
Onun sözlərinə görə, virusa yoluxma halının ilk günlərindən xəstəyə diqqət edilməsə, ciddi ağırlaşmalar ola bilər. “Qripin müalicəsində birinci şərt diaqnozun düzgün qoyulmasıdır. İlk iki sutka ərzində antivirus preparatlarından istifadə effektivdir. Antibiotiklərdən istifadə isə yolverilməzdir. Onun viruslara heç bir faydası yoxdur, əksinə immuniteti zəiflədir",- deyib.
Qrip peyvəndi olunmuş şəxslər xəstələnsələr də, ağırlaşmaların müşahidə edilə bilməyəcəyini qeyd edən infeksionist, bildirib ki, risk qruplarına daxil olanlar - 5 yaşa qədər olan uşaqlar, hamilə qadınlar, 60 yaşdan yuxarı olanlar, böyrək, qaraciyər, şəkər xəstəliyi olanlar qrip əleyhinə peyvənd olunmalıdırlar.

 

 

 

Səhiyyə 2023-02-08 15:55:00