×
A
A
A
Sazlamalar

Vətəndaşlarımız BƏƏ-də sürücülük vəsiqəsini dəyişdirmək istədikdə imtahanlardan azad ediləcək

Bakı, 8 fevral, AZƏRTAC

Azərbaycan Respublikasının vətəndaşları Birləşmiş Ərəb Əmirliklərində sürücülük vəsiqəsini dəyişdirdikdə nəzəri və praktiki imtahandan azad ediləcəklər.
AZƏRTAC xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə qanun layihəsində əksini tapıb.
2022-ci il noyabrın 16-da Əbu-Dabi şəhərində imzalanan Anlaşma Memorandumunda qeyd olunan nəqliyyat vasitələrinin kateqoriyalarına uyğun olaraq (minimum yaş həddini nəzərə alaraq) yaşamaq məqsədi olmadan gələn vətəndaşlara verilmiş etibarlı sürücülük vəsiqəsi iki ölkə tərəfindən də tanınır. Yaşamaq məqsədilə gələn vətəndaşlara münasibətdə isə tərəflərin səlahiyyətli orqanları tərəfindən verilmiş sürücülük vəsiqəsini dəyişdirmək məqsədilə müraciət olunduqda həmin vətəndaşlar nəzərdə tutulan nəzəri və praktiki imtahandan azad edilirlər.
Qeyd edək ki, bu Anlaşma Memorandumu bütün prosedurların tamamlanmasını təsdiq edən sonuncu yazılı bildirişin alındığı tarixdən qüvvəyə minir.

 

Cəmiyyət 2023-02-08 12:48:00