×
A
A
A
Sazlamalar

“Qardaş acısı bizi yaman yandırır...” - Xaçmazda da yardım kampaniyaları təşkil olunub VİDEO

Xaçmaz, 8 fevral, Elxan Yusifli, AZƏRTAC

Türkiyədə baş verən dəhşətli zəlzələ ilə bağlı Xaçmazda yardım kampaniyaları təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ikisi rayon mərkəzində olmaqla, ümumilikdə 4 yerdə könüllü yardım toplama məntəqələri fəaliyyət göstərir.
Xaçmaz sakinləri zəlzələdən zərərçəkənlər üçün qış paltarları, gödəkçə, əlcək, corab, çadır, yorğan, döşək, generator, uşaq bezi, təmizlik vasitələri və başqa ehtiyac duyulan məhsullar toplayırlar.
“Türkiyədə baş verən dəhşətli fəlakət hamımıza çox pis təsir etdi. Minlərlə insan dağıntıların altında qalıb. Bu çətin gündə qardaşlarımızın yanındayıq. Azərbaycanın hər yerində olduğu kimi, Xaçmazda da qardaş ölkədə zəlzələdən zərərçəkənlər üçün yardım kampaniyasına başlanılıb. Sakinlər səhər tezdən bura gələrək isti geyimlər, təmizlik vasitələri, uşaq bezləri və onlarla çeşiddə başqa məhsullar gətirirlər. Hətta yardım aksiyasından xəbər tutan yaşlı bir insan əynindəki yeni gödəkçəsini çıxarıb məntəqəyə təqdim etdi. Bu, bizim sarsılmaz brliyimizin göstəricisidir”, - deyə Xaçmaz sakini Aydın Fətiyev AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib.
Yardım aksiyasına qoşulan Vətən müharibəsi iştirakçısı Rüfət Əliyev bildirib ki, Türkiyə və Azərbaycan həmişə bir-birinə dəstəkdir: “Xaçmaz sakinləri yardım kampaniyasında aktiv iştirak edirlər. Kimin nəyə gücü çatır qardaş ölkəyə göndərmək üçün bura gətirir. Azərbaycan həm dövlət səviyyəsində, həm də şəxsi təşəbbüslərlə qardaş ölkəyə böyük yardımlar göstərir. Allah birliyimizi qorusun”.
“Kövrəlmədən danışa bilmirəm. Televizorda, internetdə zəlzələnin fəsadlarına baxanda çox pis oluram. Qardaş acısı bizi yaman yandırır... Mən də yardım kampaniyasına qoşuldum. Yataq dəsti gətirmişəm. İnşallah zəlzələnin fəsadları tezliklə aradan qaldırılar”, - deyə Xaçmaz sakini Böyükağa Ağayev bildirib.
Xaçmazda toplanan yardımlar çeşidlənərək yük maşınları ilə əvvəlcə Bakıya, oradan isə Türkiyəyə göndəriləcək.
Qeyd edək ki, fevralın 6-da Türkiyədə dəhşətli zəlzələ olub. Zəlzələdən 10 vilayət zərər çəkib. Son məlumatlara görə, 7108 nəfər ölüb, 41 mindən çox insan yaralanıb. Axtarış-xilasetmə işləri davam edir.

Fevralın 6-da Türkiyədə zəlzələ baş verdikdən dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğana başsağlığı verib və bu ağır məqamda Azərbaycanın Türkiyəyə hər cür yardım göstərməyə hazır olduğunu bildirib. Dövlət başçısının tapşırığına əsasən, baş vermiş faciənin nəticələrinin aradan qaldırılması ilə əlaqədar qardaş ölkəyə genişmiqyaslı yardıma başlanılıb. Fevralın 6-dan indiyədək Azərbaycandan Türkiyəyə 7 təyyarə və 1 avtomobil karvanı yola salınıb. O cümlədən Fövqəladə Hallar Nazirliyinin 700-dən çox şəxsi heyəti (34 nəfəri həkim) və xilasetmə avadanlıqları, mobil səhra hospitalına aid 7 konteyner, 4 səhra mətbəxi və digər humanitar yardım göndərilib.

Həmçinin Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən də qardaş ölkəyə humanitar yardım göndərilir. Humanitar yardıma dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. daxil olmaqla tibbi ləvazimat və avadanlıqlar, eləcə də isti geyimlər daxildir.

 

Regionlar 2023-02-08 12:51:00

Video