×
A
A
A
Sazlamalar

Güzəştli maliyyə resurslarına çıxış imkanının genişləndirilməsi sosial sahibkarlığın inkişafına əhəmiyyətli töhfə verə bilər

Bakı, 8 fevral, AZƏRTAC
Hazırda həm qlobal səviyyədə, həm də ölkəmizdə qadın sahibkarlığının çəkisinin artmasını və onların sosial sahibkarlığa daha çox meyil etməsini müşahidə edirik. Ötən bir ildə 5 qadın sahibkar qrant, 11 qadın sahibkar 3 il müddətinə innovasiya fəaliyyətindən əldə edilən gəlirlər üzrə mənfəət və gəlir vergisindən azad edən “Startap” şəhadətnaməsi alıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Sosial Sahibkarlıq üzrə Beynəlxalq Qadınlar Forumunda söyləyib.
Orxan Məmmədov qeyd edib ki, qabaqcıl ölkələrin sahibkarlıq sahəsində təcrübələrinin öyrənilməsi məqsədilə KOBİA-nın dəstəyi ilə həyata keçirilən “Almaniya-Azərbaycan birgə Proqramı”ndan isə 100-dən çox qadın yararlanıb.
“Ölkəmizdə sosial sahibkarlığın dayanıqlı və sistemli inkişafının təmin edilməsi üçün qanunvericilik bazasının təkmilləşdirilməsi ilə yanaşı, dövlət dəstək mexanizmlərinin inkişaf etdirilməsinə də ehtiyac var. Fiskal stimullar ilə bərabər, texniki dəstəyin göstərilməsi, xüsusilə də güzəştli maliyyə resurslarına çıxış imkanının genişləndirilməsi sosial sahibkarlığın inkişafına əhəmiyyətli töhfə verə bilər. Sosial sahibkarlıq sahəsində məlumatlıq səviyyəsinin artırılması və potensialın gücləndirilməsi hökumət və vətəndaş cəmiyyəti institutları tərəfindən həyata keçirilməli olan strateji istiqamətlərdən biridir. Bu məqsədlə sosial sahibkarlığın mahiyyəti və missiyası barədə əhali və bizneslər arasında informativ tədbirlər, yerli və beynəlxalq səviyyəli kütləvi forumlar təşkil oluna bilər. Həmçinin qadın sosial sahibkarın sosial bizneslərin daha effektiv şəkildə idarə edilməsi üçün bir-birindən öyrənməsi, yeni bilik və bacarıqlar əldə etməsi zəruridir. Qadın sahibkarların cəmiyyətdə rolunun vurğulanması məqsədilə qadın sosial sahibkarlar arasında şəbəkələşmə və ictimai təşviqat tədbirlərinin keçirilməsi əhəmiyyətlidir”, - deyə Orxan Məmmədov qeyd edib.

İqtisadiyyat 2023-02-08 12:24:00