×
A
A
A
Sazlamalar

Virus tənəffüs sisteminə xəsarət yetirdiyi üçün yenidən infeksiya üçün münbit şərait yaranır

Bakı, 8 fevral, AZƏRTAC

Təbabətdə çeşidli xəstəliklər törədə bilən yüz minlərlə virus var. Lakin viruslar ümumilikdə bayırda canlılıq əlaməti göstərməyən, insan vücuduna daxil olduqdan sonra hüceyrə hesabına çoxalıb canlılıq əlaməti göstərən mikroorqanizmlərdir. Tarixən viruslar müxtəlif epidemiya və pandemiyalara səbəb olub. İlk dəfə qeydə alınan pandemiya 1510-cu ilə aiddir. XX əsrə qədər dəfələrlə viruslarla əlaqədar pandemiyalar qeydə alınıb, onlardan ən dəhşətlisi 1918-ci ildə baş verən və 20 milyon insan həyatına son qoyan ispan qripidir. O vaxtdan sonra da istər influenza ilə əlaqədar qrip, istərsə də koronavirus növləri ilə əlaqədar epidemiyalar yayılıb. Nəhayət, 2020-ci ildə yeni növ koronavirus (COVID-19) epidemiyası da həmin qəbildəndir. Təbabət nə qədər inkişaf etsə, tibbi diaqnostik metodlar yaransa da, viruslar da biosferin bir üzvüdür və yaşamaq üçün saatbasaat mutasiyaya uğrayırlar. Viruslar orqanizmə daxil olub onlara qarşı hazırlanan silahları, müdafiə mexanizmlərini tanıyıb fərqli hücum mexanizmləri inkişaf etdirirlər.
AZƏRTAC xəbər verir ki, bunu infeksion xəstəliklər və klinik mikrobiologiya üzrə mütəxəssis Fərrux Sədirov deyib.
Cəmiyyətdə virusun yayılmasını asanlaşdıran amillər olduğunu qeyd edən həkim-infeksionist deyib: “COVID-19-dan qurtular-qurtarmaz uşaqlar və böyüklər arasında yüksək hərarətlə müşahidə olunan influenza virusu ilə üz-üzəyik. Əslində bu, yeni bir xəstəlik deyil. İndiyədək üzləşdiyimiz epidemiyalarda əsas səbəbkar elə bu virus idi. Sadəcə olaraq əhali arasında sıxlığın artması, havaların soyuq keçməsi, immunitet sisteminə mənfi təsiri, dar məkanlarda sıx halda yaşamaq nəticəsində havalanmanın azalması, təmasın artması, qloballaşan şəhər həyatı virusun yayılması üçün müəyyən şərait yaradır. İnfluenza virusu, loru dildə desək, immun sistemini silkələyə biləcək qüvvəyə malikdir. Həmin virusa yoluxandan bir müddət sonra təkrar yoluxma halları da baş verir. Saatbasaat mutasiyaya uğrayan influenza virusunun minlərlə ştamı var və yenisi ilə yoluxmaq mümkündür. Lakin eyni ştamı ilə yox, mutasiya uğramış başqa bir ştamı ilə xəstələnirik. İnfluenzadan sonra bəzən xəstələr yeddi gün davam edən hərarətdən sonra sağaldıqları, lakin üç-dörd gün sonra təkrarən xəstəlik əlamətləri meydana gəldiyindən şikayətlənirlər. Bunlar ikincisi bakterial ağırlaşmalar hesab olunur, yəni virus tənəffüs sisteminə və digər orqanlara elə ciddi xəsarət yetirir ki, yenidən bakterial infeksiya üçün münbit şərait yaranır. Xəstə sağalmağa doğru gedərkən təzədən qızdırması yüksəlir, öskürək, bəlğəm artmağa başlayır və özünü pis hiss edir. Araşdırma zamanı onlarda ikincili pnevmoniya və digər fəsadlar əmələ gəldiyi məlum olur.
İnfeksion xəstəliyə yoluxma bir səbəbdən baş vermir. İmmun sisteminin çeşidli səbəblərdən zəifləməsi və yoluxma üçün münbit şəraitin yaranması kimi faktorlar var. Pandemiya dövründə qaydalara əməl etmək nəticəsində digər viruslardan azad olduq. Bunun səbəbi tibbi maska taxmaq, sosial məsafənin gözlənilməsi və gigiyenik qaydalara əmək edilməsi oldu. Bu, zərurətdən gələn addım olsa da, təbii mikrofloraya da ziyan vurdu və iki il müddətində steril yaşadıq. Belə olanda immun sistemi əvvəldən tanıdığı viruslarla təmas yaranmadığı və viruslara qarşı immun yaddaşı uzun müddət olmadığına görə tənbəlləşmə baş verdi. Steril yaşadığımıza görə immun sisteminin hafizəsi də zəiflədi. Bir insan həyatı boyu orta hesabla 200-ə yaxın infeksion xəstəlik keçirir. Bunun nəticəsində daha əvvəl keçirilən xəstəliklər daha şiddətli formada keçirilməyə başladı”.
Son vaxtlar geniş yayılan influenza virusu ilə COVID-un əlaqəsi olub-olmaması barədə danışan mütəxəssis deyib: “Onların hər iksi yuxarı tənəffüs yolu ilə yoluxmasına baxmayaraq, quruluş etibarı ilə influenza və COVID-19 bir-birindən tamamilə uzaq viruslardır. Nə COVID-19 influenzanın, nə də influenza COVID-19-un gəlişini stimullaşdıra bilməz. Lakin eyni cinsdən olan viruslar arasında genetik dəyişim təhlükəsi var. Bu, narahatedici faktordur. Onu da qeyd edim ki, viruslar insan orqanizmində qalmasa da, onların törətdikləri xəsarət qala bilər”.
Müsahibimiz peyvənd vurdurmağın zəruriliyindən də bəhs edib: “Minlərlə uşağın ölümünə səbəb olan poliomielit xəstəliyinin kökü peyvənd nəticəsində kəsilib. Uzun illər əhali arasında böyük narahatlığa səbəb olan qızılca, suçiçəyi, məxmərək kimi pandemiyalar da məhz peyvənd sayəsində yoxa çıxıb. Ölümcül xəstəliklərin qarşısı peyvənd sayəsində alınır. Yüz illər boyu tətbiq olunan peyvəndlərin heç bir zərərli təsiri olmadığı da sübuta yetirilib. Bu gün qızılcaya, suçiçəyi və məxmərəyə qarşı peyvənd edilməyən qız uşağı gələcəkdə hamiləlik müddətində həmin xəstəliklərdən birini keçirəndə virusun mutasiyası dölün ölümünə səbəb ola bilər”.

 

 

 

Səhiyyə 2023-02-08 11:20:00