×
A
A
A
Sazlamalar

Bakıda MMA üzrə “Selection-5” peşəkar turniri keçirilib

Bakı, 6 fevral, AZƏRTAC

Bakıda “Uğur” döyüş arenasında “ASED Fighting Championship” (AFC ASED) liqasının MMA üzrə “Selection-5” peşəkar turniri keçirilib.
AFC ASED-dən AZƏRTAC-a bildiriblər ki, turnir çərçivəsində 12 peşəkar və 5 həvəskar döyüş təşkil olunub. Günün əsas döyüşləri İran və Azərbaycan idmançıları arasında baş tutub. Əsas 6 döyüş idmançılarımızın qələbəsi ilə yekunlaşıb. Belə ki, təmsilçilərimizdən Əli Sərxanlı Alireza Mahmudu, Ruslan Vəliyev isə Muhammad Qademzadeni hakimlərin yekdil qərarı ilə məğlub ediblər. Seyhun Əsədli Mehdi Sarajiama, Hüseyn Bastanov Amir Yaraniyə, Keyyar Piriyev Ali Sadafiyə, İlham İsrafilov isə Jahanbin Mohammamhuseynə vaxtından əvvəl qalib gəliblər.
Peşəkarların yarışında Hüseyn Quliyev, Bəylər Aslanov, Namik Ağabalayev, Emin Arazov, Elmir Tarverdiyev və İlkin Babayev rəqiblərini məğlub ediblər. Həvəskarlar arasında isə Şamil Adıbayev, Təbriz Mehdiyev, Rahib Cəlilov və Pirəli Yarəliyev fərqləniblər.

İdman 2023-02-06 18:59:00