×
A
A
A
Sazlamalar

U-16 həndbol komandası ölkə çempionatında ilk qələbəsini qazanıb

Bakı, 6 fevral, AZƏRTAC

“AHF Arena”da qadın həndbolçuların Azərbaycan çempionatında növbəti iki turun oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, XI turda “Azəryol” və “İdman Akademiyası” komandalarının görüşü olduqca gərgin və maraqlı mübarizə ilə yadda qalıb. Fasiləyə 16:16 hesabı ilə yollanan rəqiblər ikinci hissədə də qalibi müəyyənləşdirə bilməyiblər - 27:27. Penalti seriyasında isə daha dəqiq oynayan “İdman Akademiyası” yarışın lideri ilə dueli qələbə ilə başa vurub – 31:29.
Ardınca meydançaya çıxan U-16 və “Azərsu” komandalarının qarşılaşmasında isə “Azərsu” favorit statusunu təsdiqləyib – 31:18.
Bu komandaların XII turdakı görüşündə isə fərqli nəticə qeydə alınıb. Meydançaya revanş hissi ilə çıxan U - 16 gərgin idman mübarizəsi şəraitində keçən oyunu 23:22 hesablı qələbə ilə bitirməyi bacarıb.
“Azəryol” da öz növbəsində bir tur əvvəlki məğlubiyyətin əvəzini çıxıb. “İdman Akademiyası”nın bütün cəhdlərinə baxmayaraq oyunun hər iki hissəsini yüksək səviyyədə keçirən rəqib 44:26 hesabı ilə qələbə qazanıb.
“Azəryol” 28 xalla turnir cədvəlinin lideridir. “Qarabağ” ondan beş xal geri qalır. “İdman Akademiyası” 14 xalla üçüncü, “Azərsu” doqquz xalla 4-cü pillədə qərarlaşıb. Mövsümdə ilk qələbəsini qazanan U-16 üç xalla sonuncu yerdədir.

İdman 2023-02-06 17:23:00