×
A
A
A
Sazlamalar

Masallı məktəbliləri üçün düşərgə təşkil edilib

Lənkəran, 6 fevral, İlkin Adıyev, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin “Təhsildə İnkişaf və İnnovasiyalar üzrə altıncı qrant müsabiqəsi”ndə qalib olmuş Masallı rayonunun Şatıroba kənd N.Əkbərov adına tam orta məktəbinin icra etdiyi “Məktəblilər üçün sosial sahibkarlıq dərnəkləri” layihəsi çərçivəsində rayonun 12 məktəbindən seçilən 15 nəfər yuxarı sinif şagirdi üçün Lənkəran şəhərində ikigünlük Sosial Sahibkarlıq Düşərgəsi təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, məktəbin direktoru və layihə rəhbəri Tural Nuriyev layihənin məqsədi haqqında şagirdlərə məlumat verib. Qeyd edib ki, layihə çərçivəsində əvvəlcə Masallı rayonunun 15 məktəbində 300-dən çox şagird üçün sosial sahibkarlıq haqqında təlimlər təşkil olunub. Onlardan 15 fəal şagird seçilərək Lənkəran şəhərindəki 2 günlük düşərgəyə cəlb edilib.
Düşərgədə məktəblilərə öz təcrübəsini bölüşmək üçün dəvət edilən mentorlar “Şəbəkələşmə və bacarıqlar”, “Təqdimat və bədən dili”, “Mütaliə və araşdırma” mövzularında çıxış edərək iştirakçılara tövsiyələr verib, məktəblilərin suallarını cavablandırıblar.
Həmçinin ikigünlük düşərgədə iştirak edən layihənin eksperti Nemət Əliyev, təlimçi Rafət Şirəliyev müvafiq mövzular üzrə məktəblilər üçün müxtəlif təlimlər, oyun və komanda işləri təşkil ediblər.
Sonda düşərgə iştirakçılarına sertifikatlar təqdim olunub.

Regionlar 2023-02-06 17:01:16