×
A
A
A
Sazlamalar

Bakı metrosunun “B-04” stansiyasının elektrik təchizatı sistemi təsdiqlənib

Bakı, 6 fevral, AZƏRTAC

“Bakı Metropoliteni” QSC-nin “Bənövşəyi xətti”nin şərti adı “B-04” olan stansiyanın dartı və alçaldıcı yarımstansiyalarının prinsipial elektrik sxemləri və elektrik avadanlıqlarının spesifikasiyaları razılaşdırılıb və təsdiq edilib.
QSC-dən AZƏRTAC-a bildirilib ki, bununla əlaqədar Avstriya paytaxtı Vyanaya işgüzar səfər edən “Bakı Metropoliteni” QSC-nin istismar üzrə baş mühəndisi Əlixan Osmanov və müavini Azad Mustafayev “Siemens” şirkətinin baş ofisində əsaslı təmir olunması nəzərdə tutulan “28 May” (A-2) yarımstansiyasının avadanlıqlarının istehsalı ilə tanış olublar.
Həmçinin icra olunmuş layihələrdən əldə edilən səmərə və təcrübənin gələcək layihələrdə daha da təkmilləşdirilməsi müzakirə edilib, bir sıra məsələlərlə bağlı texniki tapşırıqlar üzrə danışıqlar aparılıb. Metropoliten nümayəndələri şirkətin yeni sisteminin təqdimatında da iştirak ediblər. Mühüm yeniliklərdən biri qatarlar üçün yeni rəqəmsal kontrollerin təqdimatı olub. Bu cihaz ictimai nəqliyyat sistemlərində, dəmir yolu və metropolitenlərin magistral elektrik dartı şəbəkələrində keçid qurğuları, güc açarları və kontakt xətti sistemlərində cərəyan mühafizəsini və bununla bağlı digər prosesləri nəzarətdə saxlayır və sistemin etibarlı işini təmin edir.
QSC 10 ilə yaxındır bu sahədə dünyanın ən aparıcı şirkəti olan “Siemens”lə metropolitenin elektrik təchizatı sisteminin təkmilləşdirilməsi, müasir əsaslar üzərində qurulması üzrə əməkdaşlıq edir. İndiyə kimi şirkətlə bağlanmış 17 müqaviləyə əsasən, yeni “8 Noyabr” yarımstansiyası istifadəyə verilib, “Nərimanov” elektrik deposunda 2 alçaldıcı, 1 dartı-alçaldıcı yarımstansiya tam şəkildə yenidən qurulub, müasir avadanlıqlarla təchiz olunub.
Bakı Metropoliteninin elektrik təchizatı dispetçer mərkəzində yenidən qurulmuş 3 yarımstansiyanın, eləcə də gələcəkdə bu işlərin aparılacağı daha 15 yarımstansiyada telemexanika işlərinin həyata keçirilməsi üçün SCADA sisteminin yeni konsepsiyası, arxitekturası və funksionallığı ətrafında fikir mübadiləsi aparılıb.
Texniki müzakirələr zamanı “8 Noyabr” stansiyasının alçaldıcı (LPS) və dartı (TSS) yarımstansiyalarının “Elmlər Akademiyası” inzibatı binasında yerləşəcək “Bənövşəyi xətt”in yeni dispetçer mərkəzinin SCADA sisteminə inteqrasiyası müzakirə olunaraq, zəruri tapşırıqlar verilib.

Nəqliyyat 2023-02-06 15:40:00