×
A
A
A
Sazlamalar

Bəzi insanlar real mənzərəni gəlib yerində görmədən fikir söyləyir - braziliyalı səyyah

Ağdam, 6 fevral, T.Ağaməmmədov, AZƏRTAC

İşğaldan azad edilmiş ərazilərdə baş vermiş dağıntılar sarsıdıcıdır. Baxdığımız şəkillərdən də görünür ki, 20 il əvvəl burada – Ağdamda teatr, məktəb və yaşayış binaları olub. İndi isə dörd bir tərəf dağıntı içərisindədir. Gördüklərimiz müharibənin bu ərazilərə gətirdiyi dəhşətli faciəni göstərir.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində beynəlxalq səyahətçilər qrupunun tərkibində Ağdama səfər edən braziliyalı səyyah Daniel Muniz Camargo bildirib.
O deyib: “İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan hökuməti tərəfindən aparılan sürətli yenidənqurma və bərpa işlərini görmək çox sevindiricidir. Düşünürəm ki, biz 10 ildən sonra bu ərazilərə səfər edəndə artıq burada regionun dirçəldiyini və insanların yaşadığını görəcəyik”.
Beynəlxalq faktaraşdırıcı missiyaların bu ərazilərə gəlməməsi ilə bağlı suala cavabında səyyah bildirib ki, bəzi insanlar real mənzərəni gəlib yerində görmədən fikir söyləyir. “Təsəvvür edin, işğaldan azad olunmuş ərazilərdə 1 milyondan çox mina basdırılıb. Bu ərazilərə səfər etmədən fikir bildirmək çox asandır, ancaq bura səfər edəndə, buradakı insanlarla ünsiyyət quranda Azərbaycan hökumətinin həyata keçirdiyi irimiqyaslı yenidənqurma və bərpa işlərinin şahidi olursan”, - deyə o əlavə edib.

 

 

Regionlar 2023-02-06 15:16:05