×
A
A
A
Sazlamalar

İtaliyanın Baş naziri: Mülki müdafiə qüvvələri Türkiyəyə dəstək üçün hazırdır

Roma, 6 fevral, AZƏRTAC

İtaliyanın mülki müdafiə qüvvələri Türkiyədə baş verən zəlzələ ilə əlaqədar yardım üçün hazırdır.
AZƏRTAC xəbər verir ki, İtaliyanın Nazirlər Şurasının məlumatına görə, Baş nazir Ciorcia Meloni Türkiyənin Suriya sərhədində baş verən dağıdıcı zəlzələ ilə bağlı hadisələri, mülki müdafiə qüvvələrinin yenilənən məlumatlarını yaxından izləyir. C.Meloni zəlzələ ilə əlaqədar zərər çəkən insanlara həmrəyliyini ifadə edib. O, İtaliyanın mülki müdafiə qruplarının ilk yardım üçün hazır olduğunu vurğulayıb.
Baş nazirin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani tviter hesabında bildirib: “Çoxlu sayda insan tələfatına səbəb olan şiddətli zəlzələdə zərər çəkən türk xalqının yanındayam. İtaliyanın yardımı əskik olmayacaq”.
A.Tayani Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığında İtaliyanın həmrəyliyini ifadə edib və mülki müdafiə qüvvələrinin kömək etməyə hazır olduğunu bildirib.

Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

Dünya 2023-02-06 14:40:00