×
A
A
A
Sazlamalar

“Əl işi göz nurudur, ona görə də qiyməti baha olur” – şəkili sənətkar FOTO

Şəki, 6 fevral, Mustafa Dadaşov, AZƏRTAC

Dekorativ-tətbiqi incəsənətin bir növü olan bədii tikmənin Azərbaycanda qədim tarixi var. Elə bir azərbaycanlı ailəsi tapılmaz ki, evində ulu nənələrimizdən yadigar qalan, nəsildən-nəslə keçərək bu günümüzədək gəlib çıxan zərif tikmə nümunələrinə rast gəlinməsin. Xalq sənətinin geniş yayılmış növlərindən biri də təkəlduzdur. Sənətkarlar diyarı kimi tanınan qədim Şəki, həm də təkəlduz sənətinin vətəni hesab olunur. İpəkçiliyin inkişafı Şəkidə təkəlduz sənətinin inkişafına da böyük təkan verib. Hazırda Şəkidə dekorativ sənətin bu zərif növü ilə onlarla qadın məşğul olur. Onların bəziləri üçün təkəlduz sənəti, sadəcə, sevdikləri məşğuliyyət növüdür. Digərləri isə bu sənətlə həm də qazanc əldə etmək məqsədilə məşğul olurlar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu qədim diyarda ulu nənələrimizdən yadigar qalan təkəlduz sənətini yaşadanlardan biri də Günel Məcidovadır. O, Şəkinin tanınmış təkəlduz ustalarından olan rəhmətlik Səkinə Paşayevanın qızıdır. Anasından bu sənətin ilk sirlərini öyrənən Günel onun ən yaxın köməkçilərindən olub.
Onunla “Sənətkarlar evi”ndə vaxtilə anasının da çalışdığı emalatxanada görüşürük. Bura, eyni zamanda, xanım sənətkarın əl işlərinin sərgiləndiyi, satışının həyata keçirildiyi bir məkandır. Divardan asılan təkəlduz işlərinin bir qismi Səkinə xanımdan yadigar qalıb və Günel bu işləri sevə-sevə qoruyur.
Günel 1984-cü ildə Şəki şəhərində anadan olub. Uşaq yaşlarından bədii tikmə sənətinə böyük marağı olub. Anasından bədii tikmənin demək olar ki, bütün növlərini öyrənib. Şəki Pedaqoji Kollecini bitirən həmsöhbətimiz hazırda şəhərdəki 9 nömrəli körpələr evi-uşaq bağçasında işləyir.
Xanım sənətkar deyib: “Anamın sağlığında bura az-az gəlirdim. Həm bağçada işləmək, eyni zamanda, evdə uşaqlarla məşğul olmaq lazım gəlirdi. Anam həyatdan köçəndən sonra qərara gəldim ki, mütləq onun sənətini davam etdirməliyəm. İndi boş vaxt tapan kimi emalatxanaya gəlir, sənətlə məşğul oluram. İki övladım var. Sevinirəm ki, qızım da bu sənətə maraq göstərir”.
Günel Məcidova bədii tikmənin əsasən təkəlduz, toxuma, muncuqlarla iş, araxçın tikmək, kukla, xovlu tikmə növləri ilə məşğul olur. Təkəlduz sənətinin çox incəlik tələb edən, eyni zamanda, xeyli vaxt aparan bir sənət növü olduğunu bildirən Günel xanım deyir: “Elə işlər var ki, 3-4 ay üzərində çalışmalı olursan. Məsələn, “Xarıbülbül” işi üzərində 3 ay çalışmışam. Mövzuları özüm axtarıb tapıram. Bəzi işlərimin mövzularını isə Şəki xanları sarayının divar rəsmlərindən götürmüşəm. Turistlər daha çox nar şəkli olan işlərə, həmçinin üzəri muncuqlarla bəzədilmiş mobil telefonlar üçün qablara maraq göstərirlər. Vətən müharibəsindəki tarixi Zəfərdən sonra üzərində xarıbülbülün əks olunduğu işləri də həvəslə alırlar. Xarici turistlər daşınması asan olsun deyə nisbətən kiçik ölçülü işlərə üstünlük verirlər”.
Əl işlərinin qiyməti ilə maraqlanırıq. Bildirir ki, əl işi göz nurudur. Ona görə də qiymətləri baha olur. Böyük ölçülü təkəlduz işlərinin qiyməti 300 manatdan 2500 manatadək dəyişir. Araxçınlar 15, telefon qabları isə 20, nisbətən kiçik ölçülü əl işləri isə 40-50 manatdır.
Günel Məcidova hazırda Şəkinin məşhur tarixi abidələrinin – Xan Sarayı, Kiş məbədi, Aşağı Karvansaray, Dairəvi məbəd, Qala divarlarının giriş qapısının bir kompozisiyada əks olunacağı əl işi üzərində işləyir. “İstəyirəm ki, Şəki sənətkarlığının inkişafına mən də öz töhfəmi verim”,- deyə xanım sənətkar vurğulayır.

 

 

Regionlar 2023-02-06 13:23:44