×
A
A
A
Sazlamalar

Belçikalı səyyah: Azərbaycan münaqişə barədə reallıqları dünya birliyinə çatdırmaq üçün bizə gözəl imkan yaradır VİDEO

Ağdam, 6 fevral, T.Ağaməmmədov, AZƏRTAC

Ağdamda gördüyümüz dağıntılar bizi çox sarsıtdı. Burada erməni işğalçılarının Azərbaycan mədəniyyətinin necə məhv etdiklərinin şahidi oldum.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində beynəlxalq səyahətçilər qrupunun tərkibində Ağdama səfər edən İsveçrədə yaşayan belçikalı səyyah Yves Bouvie deyib.
“Sentyabr ayında burada olduğum müddətdən bəri Ağdam məscidinin təmir olunması istiqamətində sürətli addımlar atılıb. Çox qısa zamanda burada aparılan yenidənqurma və bərpa işləri bizi heyrətləndirir. İnanıram ki, Azərbaycan qarşıdakı bir neçə il ərzində Qarabağı bərpa etməyə müvəffəq olacaq”, - deyən Yves Bouvie azad olunmuş ərazilərin minalarla çirkləndirilməsinin qəbuledilməz olduğunu söyləyib: “Bu yerlərdə insanların yaşaya bilməsi üçün ərazilər minalardan təmizlənməlidir. ANAMA agentliyinin minaları zərərsizləşdirməsi prosesini izlədik və onların gördüyü işlər təqdirəlayiqdir”.
Belçikalı səyyah Ermənistan-Azərbaycan münaqişəsi barədə beynəlxalq mediada yazılanlar haqqında da fikrini bildirib. Qeyd edib ki, bu münaqişə ilə bağlı qərəzli fikirlər sərgilənir. “Azərbaycan beynəlxalq səyyahları bu ərazilərə dəvət etməklə bizə münaqişə barədə reallıqları dünya birliyinə çatdırmaq üçün gözəl imkan yaradır. Bu, çox önəmlidir. Onu da deyim ki, bu dağıntıları və dəhşətli mənzərəni görən şəxsin burada baş verənlərə qarşı neytral mövqedə qalması mümkün deyil”, - deyə o əlavə edib.

 

Regionlar 2023-02-06 13:15:12

Video