×
A
A
A
Sazlamalar

Riskli əməliyyat nəticəsində xəstənin onurğasındakı əyrilik 99 faiz düzəlib

Bakı, 6 fevral, AZƏRTAC

Hər bir cərrahi əməliyyatın uğuru ilk növbədə onun nəticəsi ilə ölçülür. Yəni müəyyən müddət keçdikdən sonra narahatlıq doğuran fəsadların baş verməməsi əsas şərtdir. Həmin amili nəzərə alan Azərbaycan Tibb Universitetinin neyrocərrahlıq kafedrasının dosenti, Tədris Cərrahiyyə Klinikasının neyrocərrahı Cəmil İskəndərov öz pasiyentlərini daim nəzarətdə saxlayır, onların vaxtaşırı müayinədən keçməsinə xüsusi önəm verir.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, o, növbəti belə müayinəni bir il əvvəl əməliyyat etdiyi pasiyentin üzərində aparıb. Rentgenoloji müayinə zamanı məlum olub ki, nəticə çox yaxşıdır. Pasiyent əməliyyatdan iki ay sonra məktəbdə təhsilini davam etdirib. Hazırda heç bir narahatlığı, ağrı-acısı, hərəkət məhdudiyyəti yoxdur. Onurğasında olan əyrilik 99 faiz düzəlib. Önə əyilmək, oturmaq, yürümək və digər fiziki hərəkətləri rahatlıqla edə bilir.
Həkimin sözlərinə görə, uşağın 12 yaşı olanda anası onun onurğasında əyrilik hiss etməyə başlayıb. Klinikaya isə keçən il müraciət olunub: “50 dərəcənin üzərində bir skolioz idi. Çiyinlərində və çanağında qeyri-simmetriya, onurğasında kobud deformasiya vardı. Həmin əməliyyat riskli, eyni zamanda kosmetoloji xarakterlidir. Biz əməliyyat zamanı neyromonitordan istifadə edirik deyə, xəstədə sinir ağırlaşması baş vermədi. Çünki əməliyyat vaxtında icra ediləndə, deformasiyanı aradan qaldırmaq və maksimal effekt almaq mümkündür”.

Səhiyyə 2023-02-06 11:28:00