×
A
A
A
Sazlamalar

Qubalı məktəblilər Polis Akademiyasına qəbulla bağlı məlumatlandırılıblar

Quba, 4 fevral, Elxan Yusifli, AZƏRTAC

Quba rayon Heydər Əliyev Mərkəzində polis əməkdaşları, müəllimlər və XI sinif şagirdlərinin iştirakı ilə Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasına qəbulla bağlı məlumatlandırıcı görüş keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra iştirakçılara Polis Akademiyasının fəaliyyətini özündə əks etdirən tanıtım videoçarxı təqdim olunub.
Tədbirdə Quba Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Mehman Əliyev ali təhsil almaq arzusunda olan abituriyentlərə Polis Akademiyası barədə ətraflı məlumat verib, ölkəmizin qocaman təhsil müəssisəsinin savadlı kadrların yetişməsində, daxili işlər orqanlarının hüquqşünaslarla təmin olunmasında mühüm rol oynadığını diqqətə çatdırıb. Akademiyaya kursant qəbulu qaydaları ilə bağlı abituriyentlərin suallarını cavablandıran polis rəisi orada gənclərimizin hərtərəfli inkişafı üçün yaradılan müasir şərait, zəngin kitabxanalar, xarici dil kursları, laboratoriyalar, yataqxanalar, idman və atıcılıq yerləri, habelə asudə vaxtlarının səmərəli təşkili məqsədilə görülən işlər barədə danışıb.

Regionlar 2023-02-04 18:39:00