×
A
A
A
Sazlamalar

“Gənc Liderlər üçün Qış Universiteti”nin növbəti mövsümünə başlanılıb

Bakı, 4 fevral, AZƏRTAC

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Davam” Gənclər Hərəkatının təşkilatçılığı ilə fevralın 7-dək Naftalan şəhərində “Gənc Liderlər üçün Qış Universiteti”nin növbəti mövsümünə start verilib.
“Davam” Gənclər Hərəkatından AZƏRTAC-a bildiriblər ki, layihənin məqsədi gənc liderlər və ictimai fəalların üzə çıxarılması, onların intellektual inkişafına nail olunması, dünyagörüşünün artırılması və asudə vaxtlarının səmərəli təşkilidir.
“Qış Universiteti” üçün ictimai müraciət elanı verildikdən sonra qısa müddətdə 1837 gənc iştirak etmək hüququ qazanmaq üçün onlayn formada qeydiyyatdan keçib. İkimərhələli seçim turunun yekununda beş komanda olmaqla 130 nəfərlik iştirakçı heyəti formalaşdırılıb.
Naftalan şəhər Heydər Əliyev Mərkəzində keçirilən açılış tədbirindən əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə güllər düzülüb.
Sonra isə rəsmi qonaqların iştirakı ilə açılış tədbiri olub.
“Gənc Liderlər üçün Qış Universiteti”nin ikinci günündə peşəkar təlimçi Orxan Şahbaz ilə “Liderlik psixologiyası və idarəetmə” mövzusunda ikihissəli təlim baş tutub. Təlimin birinci hissəsində liderlik psixologiyasının əsasları, keyfiyyətli idarəetmənin yolları barədə məlumat verilib, ikinci hissəsində isə müxtəlif mövzularda səlis nitq istiqaməti üzrə praktiki komanda çalışması həyata keçirilib. Günün növbəti təlimində “Liqa Smixu”nun Azərbaycan nümayəndəliyinin rəhbəri Cavid Şahbazbəyovun təqdimatında “Yaradıcı sənaye inqilabı və yeni trendlər” mövzusunda layihə iştirakçıları ilə fikir mübadiləsi aparılıb.
“Qış Universiteti”ndə hər günün sonu mədəni-kütləvi tədbirlərlə yekunlaşıb. İlk gün “Mask Party”, ikinci gün isə “Colour Party” təşkil olunub.

Cəmiyyət 2023-02-04 17:30:00