×
A
A
A
Sazlamalar

“Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 685; 2006, № 11, maddə 932; 2007, № 5, maddə 442, № 11, maddə 1053; 2016, № 6, maddə 969, № 12, maddə 1989; 2017, № 3, maddə 346, № 6, maddələr 1024, 1046, № 7, maddə 1266, № 12 (I kitab), maddə 2255; 2018, № 6, maddə 1161; 2019, № 4, maddə 588, № 7, maddə 1177, № 12, maddə 1882; 2020, № 8, maddə 1012; 2021, № 12, maddə 1343; 2022, № 8, maddə 833) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 4.2-ci maddənin birinci cümləsində “və bu xidmətlərdən istifadə edən bütün dövlət hakimiyyəti orqanları” sözləri “, habelə bu xidmətlərdən və radiotezliklərdən istifadə edən bütün dövlət orqanları (qurumları)” sözləri ilə əvəz edilsin;
1.2. 13-cü maddə üzrə:
1.2.1. 13.2-ci maddədə “mövcud qanunvericiliyə” sözləri “bu Qanuna və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa” sözləri ilə əvəz edilsin və həmin maddəyə “tərəfindən” sözündən sonra “10 il müddətinə” sözləri əlavə olunsun;
1.2.2. aşağıdakı məzmunda 13.2-1-ci, 13.2-2-ci, 13.3-1-ci, 13.3-2-ci və 13.4-1-ci maddələr əlavə edilsin:
“13.2-1. Radiotezliklərin ayrılması haqqında qərar “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarla yanaşı, həmçinin aşağıdakı hallarda ləğv edilir:
13.2-1.1. telekommunikasiya xidmətlərinin göstərilməsi üçün verilən lisenziya ləğv edildikdə, o cümlədən sellülar (mobil) telekommunikasiya xidmətləri üçün verilən lisenziyanın müddəti bitdikdə;
13.2-1.2. radiotezliklərin ayrılması haqqında qərar alındıqdan sonra 1 ay müddətində radiotezlik istifadəçisi tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) radiotezliklərdən istifadəyə dair müqavilə bağlanılmadıqda;
13.2-1.3. radiotezlik istifadəçisi tərəfindən radiotezliklərdən istifadəyə dair bağlanılmış müqavilədə olan öhdəliklər yerinə yetirilmədikdə, o cümlədən tezlik nominalları üçün mövcud tariflərə uyğun 2 il müddətində ödənişlər tam aparılmadıqda və ayrılmış radiotezliklər 3 ay müddətində istifadə edilmədikdə.
13.2-2. Radiotezliklərdən istifadəyə dair müqavilədə tərəflərin hüquq və vəzifələri, radiotezliklərdən istifadə və ödəniş şərtləri, müqavilənin ləğvi və dəyişdirilməsi qaydaları və əsasları, habelə müqavilənin predmetinə dair digər mühüm şərtlər əks etdirilir. Radiotezliklərdən istifadəyə dair müqavilənin nümunəvi forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.”;
“13.3-1. Radiotezliklərin ayrılması haqqında qərar olmadan radiotezliklərdən istifadə etməklə radioelektron vasitələrin layihələndirilməsi, quraşdırılması və istismar edilməsi, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi radioelektron vasitələrin istifadəsinə icazə vərəqəsi olmadan radioelektron vasitələrin quraşdırılması və istismar edilməsi qadağandır.
13.3-2. Radiomüşahidə və radionəzarət aparmaq üçün geniş tezlik diapazonlu radioqəbuledici qurğuların və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən güc meyarı həddindən artıq olan radioötürücülərin xüsusi icazə olmadan əldə edilməsi və idxalı qadağandır.”;
“13.4-1. Beynəlxalq və ölkə səviyyəli tədbirlərin, o cümlədən idman yarışlarının keçirildiyi müddətdə radiotezlik istifadəçilərinin radiotezlik zolaqlarından istifadə hüququ müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təklifi ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında dövlət təhlükəsizliyi məqsədləri üçün müstəsna hallarda məhdudlaşdırıla bilər. Bu zaman müvafiq tədbirin, o cümlədən idman yarışının təşkilatçısının vəsaiti hesabına radiotezlik istifadəçilərinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada kompensasiya ödənilir.”;
1.3. 13.4.2-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 13.4.3-cü maddə əlavə olunsun:
“13.4.3. planlaşdırılan radiotezliklər və həmin radiotezliklərdə istifadə olunan radioelektron vasitələrin elektromaqnit uzlaşması üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi.”.
Maddə 2. Keçid müddəa
Radiotezliklərin müddətli ayrılmasına keçid ilə əlaqədar olaraq, radiotezlik istifadəçilərinə vurulan zərərə görə kompensasiyanın verilməsi şərtləri və mexanizmi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 dekabr 2022-ci il

Qanunlar 2023-02-04 14:43:00