×
A
A
A
Sazlamalar

Böyük britaniyalı mütəxəssislərin iştirakı ilə keçirilən təlim kursunda sertifikatlar təqdim olunub VİDEO

Bakı, 4 fevral, AZƏRTAC

Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə nazirlikləri arasında imzalanan ikitərəfli hərbi əməkdaşlıq proqramı çərçivəsində cari il yanvarın 23-dən fevralın 2-dək Təhlükəsizlik və Partlayıcı maddələrin Tədrisi Beynəlxalq Məktəbinin mütəxəssislərinin iştirakı ilə “Partlayış təhlükələri haqqında məlumatlandırma üzrə təlim kursu” keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Milli Müdafiə Universitetinin rəhbər heyətinin, Birləşmiş Krallığın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Fergus Auldun, o cümlədən hərbi attaşelik aparatının nümayəndələrinin, Təhlükəsizlik və Partlayıcı maddələrin Tədrisi Beynəlxalq Məktəbinin mütəxəssislərinin və dinləyicilərin iştirakı ilə kursu müvəffəqiyyətlə bitirənlərə sertifikatların təqdim olunması mərasimi keçirilib.
Mərasimdə çıxış edənlər keçirilən kursların qarşılıqlı təcrübə mübadiləsi baxımından əhəmiyyətini vurğulayıblar, Azərbaycan ilə Birləşmiş Krallıq arasında hərbi təhsil sahəsində mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyini qeyd ediblər.
Birləşmiş Krallığın BMT-nin İnkişaf Proqramı çərçivəsində Azərbaycanda ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənərək zərərsizləşdirilməsi istiqamətində göstərdiyi dəstək xüsusi qeyd olunub. Kurs müddətində dinləyicilər tərəfindən əldə olunan bilik və bacarıqların işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsində tətbiq olunacağına əminlik ifadə edilib.

 

Ordu 2023-02-04 12:39:00

Video