×
A
A
A
Sazlamalar

Dövlət Komitəsi: Bu il Laçın, Şuşa və Zəngilan sakinləri doğma yurda qayıtmalıdırlar

Bakı, 3 fevral, AZƏRTAC

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.
Komitədən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən ildə ölkəmizin hərtərəfli inkişaf etdiyi, sosial-iqtisadi tərəqqinin dinamik xarakter daşıdığı, xüsusən, Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi, həmçinin məcburi köçkünlərin doğma yurda qayıdışının tezləşdirilməsi üçün genişmiqyaslı quruculuq işlərinin aparıldığı, təhlükəsizlik tədbirlərinin görüldüyü vurğulanıb. Qeyd olunub ki, dövlətimizin başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş ərazilərə səfərləri, Böyük Qayıdışla bağlı tədbirlərin icrası vəziyyətini yerində şəxsən öyrənmələri məcburi köçkünlərdə dərin razılıq və minnətdarlıq hissi doğurur.
Kollegiya iclasında Böyük Qayıdışla bağlı beynəlxalq ictimaiyyətin məlumatlandırılması, mediada işıqlandırılması, məcburi köçkünlərin könüllü qayıdışının stimullaşdırılması məqsədilə təbliğat və təşviqat işinin təşkilində beynəlxalq standartların tətbiqi, komitənin yerli bölmələrinin fəaliyyəti və onların işinin təkmilləşdirilməsindən söz açılıb. Eyni zamanda, vətəndaşların qəbulu və müraciətlərinə baxılması, komitənin aparatında və tabe təşkilatlarda kargüzarlığın aparılması vəziyyəti, icra intizamı, habelə Mənzil İstismar Departamentinin balansında olan mənzil fondunun istismarı və istifadəsi məsələləri barədə struktur bölmələrin rəhbərlərinin məruzələri dinlənilib, müzakirələr aparılıb.
Dövlət Komitəsinin sədri Rövşən Rzayev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Birinci Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin icrası ilə əlaqədar qarşıda mühüm vəzifələr durduğunu, onların tam və vaxtında yerinə yetirilməsi üçün bütün imkanların səfərbər edildiyini bildirib. Diqqətə çatdırıb ki, ölkə rəhbərinin tapşırığına əsasən, bu il Laçın şəhəri, Zabux və Sus kəndlərinin, Şuşa və Zəngilan sakinlərinin doğma yurda qayıdışı təmin edilməlidir.
Kollegiya iclasında dövlət komitəsinin 2023-cü il üçün iş planının müzakirəsı aparılıb və müvafiq qərarlar qəbul edilib.

Cəmiyyət 2023-02-03 17:53:00