×
A
A
A
Sazlamalar

Azərbaycan dünya miqyasında etibarlı tərəfdaş kimi mövqelərini daha da gücləndirir

Bakı, 3 fevral, AZƏRTAC

Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Bu reallıq Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında bir daha səsləndirilib. İclaslarda Avropa ölkələrinin yüksəksəviyyəli nümayəndələrinin iştirakı bir daha onu deməyə əsas verir ki, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən enerji layihələri mühüm əməkdaşlıq platformaları yaratmaqla yanaşı, dünyanın enerji təhlükəsizliyində xüsusi rol oynayır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, Azərbaycan karbohidrogen resurslarını şaxələndirilmiş kəmərlər vasitəsilə ixrac edir. Eyni zamanda, bu məsələdə tranzit ölkə rolunu oynayır. Prezident İlham Əliyev Azərbaycanın böyük neft və qaz potensialına malik ölkə kimi dünya üçün önəmini dəfələrlə vurğulayıb. Azərbaycanın enerji siyasəti həm də Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən əməkdaşlıq sistemlərini formalaşdırır. Bu, hamının maraqlarına uyğundur və bu prosesdən bütün dövlətlər bəhrələnə bilir.
“Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə İtaliya, Yunanıstan və Avropa İttifaqının bir neçə digər ölkəsinə qaz ixrac edir. Bununla yanaşı, digər Şərqi Avropa ölkələri də bu gün Azərbaycandan “mavi yanacaq” almaq niyyətini irəli sürür. Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının iştirakçılarına nəzər yetirdikdə yaxın gələcəkdə bu coğrafiyanın daha da genişlənəcəyinə əminlik formalaşır”, - deyə Milli Məclisin deputatı vurğulayıb.
S.Fətəliyeva qeyd edib ki, burada əsas məqam Şərqi Avropa ölkələrinin Azərbaycandan “mavi yanacaq” və “yaşıl enerji” idxal etmək imkanlarının geniş olmasından ibarətdir. “Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Məşvərət Şurası çoxtərəfli əməkdaşlığın uğurlu nümunəsinə çevrilib. Bu gün dünyada gedən siyasi-iqtisadi proseslər yeni çağırışları aktuallaşdırır. Bu çağırışların əsasında isə əməkdaşlıq və yeni enerji layihələri dayanır. Statistik rəqəmlərə nəzər yetirsək görərik ki, Azərbaycanın beynəlxalq bazara, əsasən də Avropa bazarına qaz ixracında böyük irəliləyişlərə nail olunub. Prezident İlham Əliyev çıxışında da bildirdi ki, bizim təbii qaz ixracımız artır. Biz nəinki hasilatı, o cümlədən ixracı artıracağıq və onun coğrafiyasını genişləndiririk. Əminəm ki, bu gün layihəyə qoşulmuş ölkələr bunun faydasını artıq görürlər və görəcəklər. Həmçinin biz digər interkonnektorlarla Avropada daha çox ölkəni layihəyə qoşa biləcəyik”, - deyə deputat bildirib. Onun fikrincə, yeni iştirakçıların tədbirə qatılması isə yeni bazarlarda Azərbaycan qazına və “yaşıl enerjisinə” ehtiyac olduğunu göstərir. Azərbaycan bu gün dünyada etibarlı tərəfdaş kimi tanınır və bu amil iqtisadi münasibətlərimizin genişlənməsində mühüm şərt kimi çıxış edir. Dövlətimizin başçısının da vurğuladığı kimi, ölkəmiz yeni əməkdaşlıqlara hazırdır.
“Toplantıda Rumıniya Prezidenti Klaus Yohannisin dediyi kimi Azərbaycan öz təbii qazının ixracatını şaxələndirir və Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə töhfə verir. Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson isə Avropa İttifaqı və Azərbaycanın artıq çox yaxşı əməkdaşlıq etdiklərini vurğulayıb. Bu kimi amillər Azərbaycanın iqtisadi baxımdan qazancını artırmaqla yanaşı, ölkəmizə siyasi dividendlər də gətirir. Ölkəmiz dünya miqyasında etibarlı tərəfdaş kimi mövqelərini daha da gücləndirir. Bu isə bütövlükdə Azərbaycanın beynəlxalq müstəvidə nüfuzunu əhəmiyyətli dərəcədə gücləndirən faktorlar sırasındadır”, - deyə Sevinc Fətəliyeva fikirlərini yekunlaşdırıb.

Siyasət 2023-02-03 17:41:00