×
A
A
A
Sazlamalar

Xidmət rəisi: Cəbrayıl ərazisindəki ceyranların digər ərazilərdə də müşahidə olunması onların əraziyə uyğunlaşdığının göstəricisidir

Bakı, 3 fevral, AZƏRTAC

2022-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bir sıra reintroduksiya tədbirləri həyata keçirilib. Bu layihələr 2023-cü ildə də davam edəcək.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev AZƏRTAC-a bildirib ki, ötən il ceyranların, həmçinin bezuar keçilərinin, köfkər və bizonların reintroduksiyası həyata keçirilib. “Bu layihənin bu il də davam etdirilməsi nəzərdə tutulub. Həmçinin “Qırmızı Kitab”a salınmış nəcib maralların da öz tarixi areallarında reintroduksiyasına dair bir sıra tədbirlər görülür. Reintroduksiya olunan ceyranların sayı 350 başı keçib. Həmçinin bizonların öz arealı olan Şahdağ Milli Parkının İsmayıllı bölməsində də bu tipli layihələr davam edir. Bu cür layihələrin həyata keçirilməsi üçün IDEA İctimai Birliyi və Vəhşi Təbiəti Müdafiə Fondu ilə birgə addımlar atılır”.
Xidmət rəisi qeyd edib ki, bu cür müsbət addımların atılmasına baxmayaraq, bəzən brakonyerlik hallarına da rast gəlinir: “Buna misal olaraq, Ağgöl və Qızılağac milli parkları ərazisində rast gəlinən ov hallarını göstərmək olar. Çox təəssüf ki, milli parkın ərazisində ov etməyin qadağan olmasına baxmayaraq, son dövrlərdə belə neqativ hallara rast gəlinir. Bu halların qarşısını almaq məqsədilə Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları ilə birlikdə Ağgöl və Qızılağac milli parklarında gücləndirilmiş iş rejimi tətbiq olunub. Bu məqsədlə əlavə stasionar postların quraşdırılması, əlavə heyətin əraziyə cəlb olunması, müəyyən maneələrin yaradılması, xəbərdaredici lövhələrin quraşdırılması kimi tədbirlər davam edir. Bu kimi hallar baş verdikdə həmin vətəndaşlara qarşı qanunvericilik çərçivəsində ciddi tədbirlər görülür. İki həftə əvvəl qanunsuz olaraq çöl donuzunun ovlanması faktı aşkarlanmışdı. Bununla bağlı da qanunamüvafiq tədbirlər görüldü. Vətəndaşları bu əməllərdən çəkinməyə səsləyirəm. Gəlin, belə brakonyerlik hallarının təbiət üçün atılan müsbət addımları kölgədə qoymasına imkan verməyək”.
F.Əliyevin sözlərinə görə, keçən ilin oktyabrında Prezidentin iştirakı ilə Cəbrayıl ərazisində 33 baş ceyranın təbiətə buraxılması prosesi həyata keçirilib. Hazırda monitorinqlər davam edir. “Sonuncu aparılan monitorinqlər zamanı əməkdaşlar ceyranları Füzulinin Alxanbəyli kəndində müşahidə ediblər. Bu, çox müsbət haldır və Cəbrayıl ərazisindəki ceyranların digər ərazilərdə də müşahidə olunması onların əraziyə uyğunlaşdığının göstəricisidir”, - deyə o bildirib.

Ekologiya 2023-02-03 17:19:00