×
A
A
A
Sazlamalar

Mövlud Çavuşoğlu: Qərb ölkələri özlərini müttəfiq kimi aparmır

Bakı, 3 fevral, AZƏRTAC

Türkiyədəki konsulluqlarını bağlayan Qərb dövlətləri müttəfiqlik öhdəliklərini yerinə yetirmir.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İstanbulda keçirilən mətbuat konfransında deyib.
“Əgər onlar müttəfiqimiz olsaydılar, bizə təhlükə barədə məlumat verərdilər. Türkiyənin Daxili İşlər Nazirliyi və Kəşfiyyat Xidməti konkret məlumat mübadiləsinin olmadığını deyir”, - Mövlud Çavuşoğlu bildirib.
Nazirin sözlərinə görə, Türkiyədəki konsulluqlarını bağlayan ölkələr başqalarını da buna təhrik edirlər.
Bir müddət öncə Ankarada fəaliyyət göstərən diplomatik missiyaların rəhbərləri, o cümlədən konsulluqlarını bağlayan dövlətlərin (Belçika, Böyük Britaniya, Almaniya, İtaliya, Niderland, ABŞ, Fransa, İsveçrə və İsveç) səfirləri Türkiyə XİN-ə çağırılıb. Onlara bildirilib ki, diplomatik nümayəndəliklərin təhlükəsizliyi beynəlxalq sazişlər əsasında təmin olunur. Nazirlikdə, həmçinin terrorla mübarizə sahəsində əməkdaşlığın vacibliyi və Qərbin yanaşmasının terror təşkilatlarının maraqlarına xidmət etdiyi vurğulanıb.
Türkiyənin daxili işlər naziri Süleyman Soylu bəzi Qərb dövlətlərinin heç bir sübut olmadan terror təhlükəsi bəhanəsi ilə diplomatik nümayəndəliklərini bağlamasını Ankaraya qarşı “psixoloji müharibə” adlandırıb.

Dünya 2023-02-03 16:42:00