×
A
A
A
Sazlamalar

Məşğulluq sahəsində davamlı islahatlara yeni imkanlar açılır

Bakı, 3 fevral, AZƏRTAC

“İşsizlikdən sığorta haqqında” Qanuna təklif olunan dəyişikliklər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinə ayrılan maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını, sərbəst vəsaitlərin dəyərinin qorunub saxlanılmasını və nəticədə əlavə gəlir mənbəyi vasitəsilə məşğulluq sahəsində davamlı islahatların aparılmasını təmin edəcək.
AZƏRTAC xəbər verir ki, bununla bağlı qanun layihəsi birinci oxunuşda parlamentin Əmək və sosial siyasət komitəsinin fevralın 3-də keçirilən iclasında müzakirəyə çıxarılıb.
“İşsizlikdən sığorta haqqında” Qanunda dəyişikliklə bağlı sənədə əsasən işsizlikdən sığorta fondunun büdcəsinin icrasının yarımillik və illik nəticələrinə görə gəlir və xərclər arasında müsbət qalıq müəyyən edildikdə həmin vəsait müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən investisiyaya yönəldilə bilər.
Qanunda işsizlikdən sığorta fondunun büdcədənkənar dövlət fondu kimi anlayışının müəyyən edilməməsi ilə bağlı hüquqi boşluq da aradan qaldırılaraq layihədə həmin anlayışın tərifi də açıqlanıb.
Layihədə investisiyaya yönəldilən sərbəst vəsaitin, investisiya gəlirlərinin və onun istifadə olunmamış qalığının istənilən bankda deyil, məhz Azərbaycan Respublikasının Mərkəzi Bankında açılmış hesaba toplanacağı və uçotunun ayrıca aparılacağı xüsusi olaraq vurğulanır. Habelə həmin vəsaitlərin növbəti büdcə ilinə keçirilmə forması açıqlanır.

Sosial 2023-02-03 16:15:00