×
A
A
A
Sazlamalar

Kənd Təsərrüfatı Nazirliyinin bir qrup gənc əməkdaşına fəxri fərman təqdim olunub

Bakı, 3 fevral, AZƏRTAC

2 Fevral - Gənclər Günü münasibətilə Kənd Təsərrüfatı Nazirliyi Aparatının bir qrup əməkdaşı ilə görüş keçirilib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən nazirliyin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Fuad Məmmədov görüş iştirakçılarını Gənclər Günü münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. Azərbaycanda həyata keçirilən gənclər siyasəti barədə məlumat verən Fuad Məmmədov bildirib ki, vətənpərvərlik ruhunda böyüyən Azərbaycan gəncləri ölkəmizin tərəqqisi naminə əzmlə fəaliyyət göstərirlər.
Kənd Təsərrüfatı Nazirliyinin Elm, təhsil və insan resursları şöbəsinin müdir müavini İlham Süleymanov Azərbaycanda gənclərin hərtərəfli inkişafı üçün yaradılan imkanlardan söz açıb. Qeyd olunub ki, diqqət və qayğı ilə əhatə olunan gənc nəsil ölkə həyatının bütün sahələrində yüksək fəallıq nümayiş etdirir.
Tədbirdə Azərbaycan gəncliyinin ölkəmizin gələcək inkişafına bundan sonra da layiqli töhfələr verəcəyinə əminlik ifadə olunub.
Sonda ötən il nazirliyin əmək fəaliyyətində fərqlənmiş bir qrup əməkdaşına fəxri fərmanlar təqdim olunub.
Görüşdə iştirak edən gənclər də öz növbəsində fikirlərini bölüşüblər. Tədbirin sonunda gəncləri maraqlandıran suallar cavablandırılıb, fikir mübadiləsi aparılıb.

Cəmiyyət 2023-02-03 15:19:00