×
A
A
A
Sazlamalar

Azərbaycan–Rumıniya əməkdaşlığı - Avropa ilə münasibətlərimizə böyük töhfə

Bakı, 3 fevral , AZƏRTAC

Rumıniya 1991-ci ildə müstəqilliyimizin bərpa edilməsini tanıyan ilk Avropa dövlətlərindən biridir. Həmin illərdən başlayaraq Azərbaycan–Rumıniya münasibətləri davamlı olaraq dostluq və əməkdaşlıq ruhunda inkişaf edib. Hələ 1990-cı illərdə Heydər Əliyevin tarixi İpək Yolunun bərpası ilə bağlı təşəbbüsünə qoşulan Rumıniya keçən 30 il ərzində Azərbaycan tərəfindən irəli sürülən bütün beynəlxalq və regional layihələrə dəstək nümayiş etdirib. Bütün bu müddət ərzində dövlət başçıları, dövlət, hökumət və parlament qurumları arasında qarşılıqlı təmaslar intensiv şəkildə davam etdirilib. Hər iki ölkənin prezidentləri, baş nazirləri və parlament sədrləri dəfələrlə qarşılıqlı səfərlər ediblər.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, fəlsəfə doktoru Cavanşir Feyziyev söyləyib.
Onun sözlərinə görə, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığımız xüsusilə faydalı olub. BMT çərçivəsində, eləcə də ATƏT, Avropa Şurası, NATO, Qara Dəniz Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq qurumların Parlament Assambleyalarında Azərbaycan və Rumıniya hər zaman bir-birinə siyasi dəstək nümayiş etdirib. 2017-2021-ci illərdə rumıniyalı deputat Norika Nikolai, 2021-ci ildə isə keçmiş Rumıniya prezidenti Troyan Besesku Avropa Parlamentində Azərbaycan üzrə daimi məruzəçi olublar. Həmin illərdə Avropa Parlamentində ölkəmizlə bağlı müzakirə olunan məsələlərdə həmişə obyektiv mövqe nümayiş etdirərək Azərbaycanın haqlı mövqeyini dəstəkləyiblər.
Rumıniyanın bir qayda olaraq Azərbaycan tərəfindən irəli sürülən bütün regional iqtisadi layihələrə dəstək verdiyini vurğulayan Cavanşir Feyziyev deyib: “Rumıniya Avropa İttifaqının enerji təminatında Azərbaycanın əvəzedilməz rolunu yüksək qiymətləndirərək Cənub Qaz Dəhlizi layihəsinə Aİ çərçivəsində dəstək verilməsinin təşəbbüsçülərindən olub. Cənub Qaz Dəhlizi istifadəyə verildikdən sonra ölkələrimiz arasında iqtisadi-ticari münasibətlərin daha yüksək səviyyəyə qaldırılması üçün potensial dəfələrlə artıb. Əvvəllər Azərbaycan Rumıniyaya yalnız neft tədarük edirdisə, bu gün artıq Azərbaycan qazının da Cənub Qaz Dəhlizi vasitəsilə Rumıniyaya çatdırılması üzrə hazırlıq işləri aparılır. Keçən ilin sonunda Buxarestdə imzalanmış yaşıl enerjinin ötürülməsi ilə bağlı strateji əməkdaşlıq haqqında Saziş gələcək əməkdaşlığımızın daha böyük miqyaslı xarakterindən xəbər verir. Rumıniya Prezidentinin ölkəmizə budəfəki səfəri zamanı müzakirə olunan məsələlərin gündəliyindən də göründüyü kimi, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün kifayət qədər potensial mövcuddur. Artıq bu əməkdaşlıq təkcə neft-qaz sahəsini yox, həm də kənd təsərrüfatı, rəqəmsallaşma, nəqliyyat kimi daha geniş sferaları əhatə edəcək. Azərbaycan–Rumıniya əməkdaşlığının genişlənməsi isə öz növbəsində Azərbaycan-Avropa münasibətlərinin sabitləşməsinə və artan dinamika üzrə inkişafına öz töhfələrini verəcək”.

Siyasət 2023-02-03 14:28:00