×
A
A
A
Sazlamalar

RAGB-nin Qış ekoməktəbinin açılışı olub

Moskva, 3 fevral, AZƏRTAC

Rusiya Federasiyasının Kaluqa vilayətində Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) Qış ekoməktəbinin rəsmi açılışı olub.
AZƏRTAC xəbər verir ki, Ümumrusiya Təbiəti Mühafizə Cəmiyyəti, Rusiya Milli Gənclər və Uşaq Təşkilatları Şurası, Moskva şəhərinin Təbiətdən istifadə və ətraf mühitin mühafizəsi departamenti və “Ecowiki.ru” platforması layihənin tərəfdaşı qismində çıxış ediblər.
Rusiyanın müxtəlif ali məktəblərini, ekologiya, gənclər və könüllülər təşkilatını təmsil edən 100-dən artıq gənc qış məktəbinin iştirakçısına çevrilib. Onlar ustad dərsləri və treninqlərdə ekoloji terminologiya ilə tanış olmaq və uğurlu biznes üsullarını nəzərdən keçirmək fürsəti əldə edəcəklər.
RAGB-nin sədri Ceyhun Hüseynov panel sessiyasını açaraq, Birliyin fəxri sədri Leyla Əliyevanın iştirakçılara xoş arzularını çatdırıb. “Gənclərin ekoloji təşəbbüslərinin həyata keçirilməsi: layihə yanaşması və sosial məsuliyyət” mövzusunda çıxışlarda ətraf mühitin qorunub saxlanması və keyfiyyətinin yaxşılaşdırılmasına yönələn ekoloji layihələrin əhəmiyyətindən danışılıb.
Üçgünlük təlim başa çatdıqdan sonra iştirakçılara sertifikatlar veriləcək.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Cəmiyyət 2023-02-03 14:04:00