×
A
A
A
Sazlamalar

İlk dəfə rayon mərkəzi xəstəxanasında ürək-damar cərrahiyyəsi mümkün olacaq

Lənkəran, 3 fevral, İlkin Adıyev, AZƏRTAC

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasında müasir tibbi standartlara cavab verən İnvaziv kardiologiya və Ürək-damar cərrahiyyəsi şöbələri yaradılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov yeni şöbələrin açılışında iştirak ediblər.
Tibb müəssisəsində icbari tibbi sığortanın tətbiqindən sonra görülən işlər barədə məlumat verən Lənkəran Rayon Mərkəzi Xəstəxanasının direktoru Ağabala Kəlbiyev bildirib ki, tibb ocağında bir sıra struktur dəyişiklikləri aparılıb: “2022-ci ildə Lənkəran Müalicə-Diaqnostika Mərkəzi xəstəxanaya birləşdirilib. Əhalinin tibbi xidmətlərə əlçatanlığını təmin etmək üçün bir sıra şöbələr yaradılıb ki, onlardan ən əsasını da hazırda istifadəyə verdiyimiz İnvaziv kardiologiya və Ürək-damar cərrahiyyəsi şöbələri təşkil edir”.
Direktorun sözlərinə görə, İnvaziv kardiologiya şöbəsi yeni və ən müasir tibbi avadanlıqlarla təchiz olunub: “Burada 1 cərrahi otaq, 1 texniki otaq, 6 çarpayılıq reanimasiya otağı, sterilizasiya və digər köməkçi sahələr fəaliyyət göstərir. Cərrahi və reanimasiya otaqları müasir havalandırma və istilik sistemləri ilə təmin edilib. Şöbədə kardioloji xəstələrə tam və düzgün diaqnozun qoyulmasına imkan verən ən müasir diaqnostik avadanlıqlar (rəqəmsal angioqrafiya aparatı), süni tənəffüs aparatı, defibilyator, EXO cihazları mövcuddur”.
O bildirib ki, Ürək-damar cərrahiyyəsi şöbəsi isə 19 palatadan, 2 əməliyyat blokundan, 6 nəfərlik reanimasiya otağından ibarətdir.
Daha sonra tibb müəssisəsində yaradılmış ümumi şəraitlə tanışlıq olub.

 

 

Regionlar 2023-02-03 13:23:58