“Cənub Qaz Dəhlizi Azərbaycanın regional mövqeyini daha da möhkəmləndirir” - ekspert
Bakı, 3 fevral, AZƏRTAC
Bu gün Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və ilk dəfə Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının keçirilməsi mühüm hadisədir. Cənub Qaz Dəhlizi nəinki region, bütün Avropa üçün ən vacib təşəbbüslərdən sayılır. Etiraf etmək lazımdır ki, Cənub Qaz Dəhlizinin reallaşması Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində mümkün oldu.
AZƏRTAC xəbər verir ki, bunu iqtisadçı-ekspert Vüqar Bayramov deyib.
Ekspert bildirib ki, builki iclas tamamilə fərqli dövrə təsadüf edir. Rusiya-Ukrayna müharibəsinin davam etməsi, Avropada enerji böhranının dərinləşməsi və regionda diversifikasiyanın daha da prioritet olduğu dövrdə bu iclas genişmiqyaslı coğrafiyada enerji istiqamətlərinin müəyyənləşdirilməsinə təsir göstərəcək. Digər tərəfdən, Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu artmaqdadır. Ötən il Azərbaycanın Avropaya qaz ixracatı 39 faiz artıb. Bütövlükdə son 2 ildə Azərbaycan Avropa İttifaqına 20 milyard kubmetrdən çox qaz ixrac edib. Ötən ilin iyul ayında Avropa Komissiyası ilə təchizatı iki dəfə artırmaq üçün Anlaşma Memorandumu imzalandığını nəzərə alsaq, bunun üçün qarşıdakı dövrdə istismara verilməsi planlaşdırılan “Abşeron”, “Ümid”, “Asiman”, “Şəfəq” və “Babək” kimi qaz yataqlarının işlənməsi üçün yeni sərmayələrin cəlbi də prioritet olaraq qalmaqdadır. TAP kəməri vasitəsilə Avropaya ikinci mərhələdə 20 milyard milyard qaz nəql ediləcək. Bütövlükdə, Cənub Qaz Dəhlizinin ötürmə qabiliyyətinin 32 milyard kubmetrə çatdırılması imkanı var. Cənub Qaz Dəhlizi Azərbaycanın regional mövqeyinin daha da möhkəmlənməsinə imkan yaradır. Gələcək illərdə bu layihə region və qitə üçün əhəmiyyətli olmaqda davam edəcək.
“Azərbaycan Avropanın enerji təhlükəsizliyinin formalaşmasına xüsusi töhfə verən ölkədir. Azərbaycan bu gün Avropa üçün kifayət qədər vacib əhəmiyyət daşıyan layihənin reallaşdırılmasını həyata keçirib. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasları il ərzində görülən fəaliyyətin təhlili və yeni dövr üçün planların, hədəflərin, istiqamətlərin müzakirəsi məqsədi daşıyır. Prezident İlham Əliyevin Məşvərət Şurasında iştirakı bir daha təsdiq edir ki, Azərbaycan bu tədbirin keçirilməsinə xüsusi önəm verir. Bu gün Avropa İttifaqının enerji təhlükəsizliyinin formalaşması və enerji idxalında mənbələrin diversifikasiyası daha aktualdır. Bu iclasların keçirilməsi Azərbaycanın gücünü və regiondakı geosiyasi mövqeyini xarakterizə edən faktorlardandır”, - deyə V.Bayramov qeyd edib.
Elektrik mühərrikli avtomobillər ilə bağlı Türkiyə təcrübəsi AERA ilə bölüşülüb
İşğaldan azad olunmuş ərazilərin yaşıl enerji potensialı müzakirə olunub
“Bütün avropalılar üçün Təmiz Enerji Paketi”nin tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb
Energetika naziri 26-cı Avrasiya İqtisadi Zirvəsində iştirak edəcək
Azərbaycan enerji təhlükəsizliyini daxili resursları hesabına tam təmin etmiş azsaylı ölkələrdəndir