Kənd Təsərrüfatı Nazirliyi “Ayın Fermeri” müsabiqəsini elan edir
Bakı, 3 fevral, AZƏRTAC
Azərbaycanda aqrar sahədə fəaliyyətin daha da stimullaşdırılması üçün fermerlər arasında növbəti müsabiqə elan edilir. Müsabiqənin məqsədi nümunəvi fermerlərin müəyyən edilməsi, onların mükafatlandırılaraq həvəsləndirilməsi və qabaqcıl fermerlər arasında sağlam rəqabət mühitinin formalaşdırılmasından ibarətdir.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, müsabiqənin təşkili ilə bağlı təsdiqlənən qaydalara əsasən, müsabiqədə “Elektron Kənd Təsərrüfatı” İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçmiş və 2 ildən az olmayan müddətdə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fermerlər iştirak edə bilər.
Bu gündən müsabiqə üçün ərizə qəbulu prosesinə başlanılacaq və 5 iş günü ərzində davam edəcək. Fermerlər ərizələri Dövlət Aqrar İnkişaf Mərkəzlərinə təqdim etməli və ya EKTİS-ə daxil olaraq müsabiqədə iştirakla bağlı elektron qaydada qeydiyyatdan keçməlidir. Müsabiqə ilə bağlı yaradılan işçi qrupları fermerlərin təsərrüfat fəaliyyətlərinin yerlərdə monitorinqini keçirəcək.
İştirakçıların fəaliyyəti müasir texnologiyaların tətbiqi, qeyri-ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı, aqrar sektora xarici investisiyaların cəlb olunması, fermerin öz təsərrüfatını aqroturizmə açıq elan etməsi və digər meyarlar əsasında qiymətləndiriləcək.
Müsabiqə iki mərhələdə həyata keçiriləcək. Hər iki mərhələ üzrə ayrı-ayrılıqda fermerlərin fəaliyyəti qiymətləndiriləcək. Komissiya üzvlərinin qiymətləndirməsi nəticəsində yüksək bal toplamış iştirakçı qalib elan ediləcək. Qalib fermer mükafatlandırılacaq və sertifikatla təltif olunacaq. Eyni zamanda, qalib fermerə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilən və təsərrüfat fəaliyyətinə uyğun olan layihələrdə iştirak etmək imkanı yaradılacaq.
Müsabiqənin gedişatı və nəticələri mütəmadi olaraq Kənd Təsərrüfatının rəsmi internet saytında və digər kütləvi informasiya vasitələrində dərc olunacaq.
Ağstafada Aqrar İnnovasiya Festivalı çərçivəsində toxum sərgi-satış yarmarkası təşkil olunub
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
Qəhvəyi mərmər bağacığını aşkar etmək məqsədilə Şəkinin kəndlərində 100 feromon tələ asılıb