×
A
A
A
Sazlamalar

Azərbaycanda peşəkar tibbi kadrların yetişdirilməsində türkiyəli mütəxəssislərin müstəsna xidmətləri var

Bakı, 3 fevral, AZƏRTAC

Səhiyyə Nazirliyində Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə, həmçinin Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov da iştirak edib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə səhiyyə naziri Teymur Musayev vurğulayıb ki, Azərbaycanda tibbin bütün sahələri üzrə peşəkar kadrların yetişdirilməsində qardaş ölkənin tibb mərkəzlərində çalışan mütəxəssislərin müstəsna xidmətləri var: “Vətən müharibəsi dövründə türkiyəli həmkarlarımızın dəstəyini də xüsusi vurğulamaq istərdim. Biz, eyni zamanda COVID-19 pandemiyasının ən ağır dövründə də yaxından əməkdaşlıq etdik. Türkiyəli mütəxəssislərin dəyərli tövsiyələri respublikamızdakı epidemioloji vəziyyətin sabitləşməsinə öz töhfəsini verib”.
Teymur Musayev nazirliyin nümayəndə heyətinin ötən il may ayında Türkiyəyə işgüzar səfərini xatırladaraq deyib: “Səfər çərçivəsində Türkiyənin səhiyyə naziri Fahrettin Koca ilə görüş zamanı olduqca səmərəli müzakirələr apardıq, qardaş ölkənin aparıcı tibb ocaqlarının fəaliyyəti ilə də tanış olduq. Hər iki ölkənin səhiyyə nazirlikləri arasında imzalanmış “2022-2023-cü illər üçün Əməkdaşlıq üzrə Yol Xəritəsi” səhiyyənin bütün sahələrində təcrübə mübadiləsi və inkişaf baxımından olduqca faydalıdır”.
Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan edildiyini diqqətə çatdıran T.Musayev ölkəmizdə səhiyyənin inkişafı və tibbi kadrların hazırlanmasının Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edib: “Müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyətin anadan olmasının 100 illiyi ilə əlaqədar Səhiyyə Nazirliyi tərəfindən silsilə tədbirlər, həmçinin beynəlxalq elmi-praktiki konfranslar təşkil olunacaq. Həmin tədbirlərdə tanınmış Türkiyəli mütəxəssislərin iştirakı bizim üçün çox önəmlidir”.
Görüşdə çıxış edən Şamil Ayrım ölkələrimiz arasında ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini bildirib. Qeyd olunub ki, möhkəm təməllər üzərində dayanan Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri birlik və həmrəyliyimizin bariz göstəricisidir.
Şamil Ayrım Türk dünyasının böyük oğlu Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar təkcə Azərbaycanda deyil, Türkiyədə də mühüm tədbirlərin keçiriləcəyini diqqətə çatdırıb.
Müzakirələr zamanı Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə, o cümlədən səhiyyə sahəsində bundan sonra da möhkəmlənəcəyinə və genişlənəcəyinə əminlik ifadə olunub.

Səhiyyə 2023-02-03 10:41:00