×
A
A
A
Sazlamalar

Ağdamda cəsur əsgər Rahib Məmmədovun xatirəsi anılıb

Ağdam, 3 fevral, AZƏRTAC
Ağdam rayon Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyində cəsur əsgər Rahib Məmmədovun anım günü münasibətilə “Qəhrəmanlığınla örnək oldun gənclərə” adlı tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon ictimaiyyətinin nümayəndələrinin, şəhid ailələrinin, qazilərin, təhsil və mədəniyyət işçilərinin, məktəblilərin iştirak etdiyi tədbirdə əvvəlcə Rahib Məmmədovun qəbri üstünə və Mahrızlı kənd tam orta məktəbinin qarşısında qoyulan büstü önünə gül dəstələri qoyularaq xatirəsi ehtiramla anılıb.
Tədbirdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.
Çıxış edənlər cəsur əsgərin mənalı və qəhrəmanlıqla dolu həyatından bəhs ediblər. Məlumat verilib ki, Rahib Gülmalı oğlu Məmmədov 1967-ci ildə Ağdam rayonunun Mahrızlı kəndində anadan olub. 1987-ci ildə hərbi xidmət keçdiyi Gürcüstanın Xobi rayonunun Çaladidi kəndində böyük fədakarlıq göstərərək, təbii fəlakət zamanı 28 sakini seldən xilas edib və qəhrəmanlıqla həlak olub. Ölümündən sonra “Qırmızı Ulduz” ordeni ilə təltif olunub. Təhsil aldığı Mahrızlı kənd tam orta məktəbi onun adını daşıyır. Məktəbin həyətində Rahib Məmmədov adına Döyüş şöhrəti muzeyi yaradılıb. Bakının Xətai rayonunun Əhmədli yaşayış massivində Rahib Məmmədov adına küçə var. Gürcüstanın Çaladidi kəndində cəsur əsgərin abidəsi qoyulub.
Tədbirdə məktəblilər Rahib Məmmədova həsr olunmuş şeirlər söyləyiblər. Sonra Rahib Məmmədovun xatirəsinə həsr edilmiş “Əbədiyyətə qovuşan ömür” adlı sənədli film nümayiş olunub.

Regionlar 2023-02-03 00:35:00