×
A
A
A
Sazlamalar

Fond: Adi ipoteka kreditləri üzrə vətəndaşlardan 1770 müraciət daxil olub

Bakı, 2 fevral, AZƏRTAC

Adi ipoteka kreditləri üzrə vətəndaşlardan 1770 müraciət daxil olub.
AZƏRTAC Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və İpoteka və Kredit Zəmanət Fondunun birgə məlumatına əsasən xəbər verir ki, güzəştli ipoteka kreditləri üzrə isə 641 müraciət qeydə alınıb. Əvvəlki illərdə olduğu kimi, ipoteka kreditləşməsi üzrə müraciətlərin qəbulu və digər proseslər mövcud qanunvericiliyə və Fondun daxili qaydalarına uyğun olaraq davam etdirilir.
Xəbər verdiyimiz kimi, İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2023-cü il ərzində ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi üçün limitlər ayrılıb. Adi ipoteka kreditləri üzrə müraciətlərin qəbuluna fevralın 1-i saat 10:00-dan, güzəştli ipoteka kreditləri üzrə müraciətlərin qəbuluna isə fevralın 2-si saat 10:00-dan başlanılıb. Vətəndaşlardan müraciətlərin qəbulu Elektron Hökumət (www.e-gov.az) portalında yerləşən “Elektron ipoteka və kredit zəmanət” sistemi üzərindən, hər kəsə bərabər şərait yaradılmaqla, real vaxt rejimində həyata keçirilib və bu zaman sistemin fəaliyyətində heç bir texniki nasazlıq və kənar müdaxilə halı müşahidə edilməyib.
Qeyd edək ki, ipoteka kreditləri üzrə əvvəlki dövrlə müqayisədə daha çox müraciətlərin olmasını nəzərə alaraq “Elektron ipoteka və kredit zəmanət” sistemindən istifadənin daha da asanlaşdırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşları ilə birgə elektron xidmətin təhlükəsizlik auditi üzrə yoxlamalar həyata keçirilib və dayanıqlı fəaliyyəti üçün informasiya sistemində optimizasiya işləri aparılıb.

Maliyyə 2023-02-02 21:10:00