×
A
A
A
Sazlamalar

“ACWA Power” şirkəti ilə əməkdaşlıq genişlənir

Bakı, 2 fevral, AZƏRTAC

İqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin İdarə Heyətinin sədri Məhəmməd Abdullah Rəşid Abunayyanla görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, nazir Azərbaycan-Səudiyyə Ərəbistanı iqtisadi əlaqələrinin inkişaf etdiyini, biznes dairələri ilə işgüzar münasibətlərin genişləndiyini vurğulayıb. Qeyd edilib ki, enerji səmərəliliyinin artırılması, bərpaolunan enerji sahəsinin inkişafı müasir çağırışlar fonunda ölkəmizin əsas prioritetlərindəndir. Bu istiqamətdə, 2022-ci ildə şirkət tərəfindən Azərbaycanda 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının inşasına başlanılması ilə enerji layihələrinin inkişafında yeni səhifə açılıb. Görüşdə yaşıl enerji layihələrinə tətbiq olunan stimullar barədə məlumat verilib, “ACWA Power” şirkəti ilə dəniz suyunun duzsuzlaşdırılması layihəsi barədə müzakirə aparılıb.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının enerji, xüsusilə bərpaolunan enerji sektorunda aparıcı şirkətlərindən olan “ACWA Power” şirkəti 2004-cü ildə yaradılıb. Şirkət dünyanın bir sıra ölkələrində bərpaolunan enerji mənbələrindən elektrik enerjisi istehsalı, duzsuzlaşdırılmış su istehsalı üzrə layihələrdə developer, investor və operator kimi iştirak edir.

İqtisadiyyat 2023-02-02 18:50:00