×
A
A
A
Sazlamalar

Azərbaycan və Monteneqro arasında əməkdaşlıq əlaqələri genişlənir

Bir sıra sahələrdə, o cümlədən sosial sahədə ikitərəfli əməkdaşlığa dair sənədlərin layihələri hazırlanıb

Bakı, 2 fevral, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyində ölkəmizdə səfərdə olan Monteneqronun Baş nazirinin müavini, Kapital investisiyalar naziri Ervin İbrahimoviçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan və Monteneqro hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycanla Monteneqro arasında yüksək səviyyəli siyasi dialoqa, dostluq münasibətlərinə əsaslanan əlaqələrin daim inkişaf etməkdə olduğunu vurğulayıb. O, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsindəki tarixi Zəfərini, Ermənistanın işğalından azad edilmiş ərazilərimizin minalardan təmizlənməsi, həmin ərazilərdə aparılan böyük quruculuq işlərini diqqətə çatdırıb.
İki ölkə arasında ticarət dövriyyəsinin artmaqda davam etdiyini, keçən ilin 11 ayında bu artımın 99,6 faiz olduğunu bildirən S.Babayev ötən dövrdə imzalanmış 18 əməkdaşlıq sənədinin əlaqələrin inkişafında rolunu qeyd edib.
Bir sıra sahələrdə ikitərəfli əməkdaşlığa dair sənədlərin layihələrinin hazırlandığı bildirilib. O cümlədən Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Monteneqronun Əmək və Sosial Rifah Nazirliyi arasında əməkdaşlığa dair sənədin layihəsinin də artıq hazırlandığı və sosial sahədə əməkdaşlığın həyata keçiriləcəyi vurğulanıb.
Azərbaycanda əmək, məşğulluq və sosial müdafiə sahələrində son illər aparılan islahatlar və bu islahatların müsbət nəticələri, DOST konsepsiyası, sosial sahədə elektronlaşdırma proqramı barədə məlumat verilib, bu sahələrdə təcrübə mübadilələrinə həmişə hazır olduğumuz diqqətə çatdırılıb.
E.İbrahimoviç ölkəmizə səfəri ilə bağlı məmnunluğunu və xoş təəssüratlarını ifadə edib, Monteneqronun Azərbaycanla dostluq münasibətlərinə əsaslanan əlaqələrinin daim genişlənməsində maraqlı olduğunu və bu istiqamətdə mütəmadi olaraq işlərin aparıldığını qeyd edib.
Görüşdə Azərbaycan və Monteneqro hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın əlaqələrin genişləndirilməsinə xidmət edən fəaliyyətindən bəhs olunub. İkitərəfli münasibətlərin inkişafı üçün yaxşı perspektivlərin olduğu vurğulanıb, iki ölkə arasında enerji, nəqliyyat və turizm, kənd təsərrüfatı, təhsil, mədəniyyət və s. sahələrdə gələcək əməkdaşlığa dair müzakirələr aparılıb.
Monteneqro nümayəndə heyəti DOST Agentliyi və 1 saylı Bakı DOST mərkəzi, burada əhaliyə göstərilən xidmətlərlə tanış olublar. Qonaqlar üçün Azərbaycanın DOST konsepsiyasına, həmin konsepsiyanın üstünlükləri, dövlət sosial xidmətlər sisteminə gətirdiyi innovativ uğurlar, həmçinin sosial sahədə geniş miqyas alan elektronlaşma proqramı barədə təqdimatlar edilib.

 

Sosial 2023-02-02 16:40:00