Gənclərlə əlaqədar aktiv məşğulluq layihələri icra olunur
Ötən il DMA tərəfindən 16 minədək gənc işlə təmin edilib, 2500 gənc üçün kiçik bizneslər yaradılıb
Bakı, 2 fevral, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin aktiv məşğuluq tədbirlərinin hədəflərindən biri də gənclərin məşğulluğunun və kiçik biznesə çıxışının dəstəklənməsidir.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu sahədə işlərin davamı olaraq, ötən il agentlik tərəfindən 16 minədək gənc münasib işlərlə təmin edilib, 2500 gənc üçün özünüməşğulluq proqramın dəstəyi ilə kiçik bizneslər yaradılıb.
Dövlət Məşğulluq Agentliyinin peşə hazırlığı kurslarına son bir ildə 2332 gənc cəlb olunaraq, onlara müasir əmək bazarının tələblərinə uyğun peşələr öyrədilib. Qurumun aktiv məşğulluq proqramlarından biri olan, peşə və ixtisas seçiminə, peşə maraqlarının formalaşmasına dəstək məqsədi daşıyan peşəyönümü məsləhət xidmətləri ötən il əsasən gənclərdən ibarət 70 min şəxsi əhatə edib.
Ötən il 10 rayon və şəhərdə keçirilən Peşələr Festivalı isə əsasən gənclərdən ibarət iştirakçıların peşələr üzrə bacarıqlar və peşə sahələri üzrə inkişaf etməyin yolları, gələcəkdə əmək bazarının necə formalaşacağı barədə məlumatlılığının artırılmasında, peşələrlə əyani şəkildə tanışlığında önəmli rol oynayıb.
Bunlarla yanaşı, gənclərlə bağlı bir sıra yeni aktiv məşğulluq layihələri də icra olunur. Onlardan “İrəliləyİŞ” layihəsi yüksək potensiallı gənclərin beynəlxalq normalara uyğun təcrübə proqramları əsasında karyera bacarıqlarını inkişaf etdirməyə yönəlib. Layihə üzrə 1500 gəncin seçilərək təlimlərə və 2 aylıq təcrübə proqramlarına cəlb olunması nəzərdə tutulub.
Dövlət Məşğulluq Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə icra etdiyi “Gənclərin biznes emalatxanası” layihəsi isə peşə təhsili alan sonuncu kurs tələbələrinin özünüməşğulluq proqramı çərçivəsində mikro bizneslərini qurmağa dəstək göstərir. Digər bir layihə - “Səyyar kofe evləri” layihəsi də gənclərin bu sahə üzrə kiçik biznes sahələrinin qurulması məqsədi daşıyır.
Agentliklə BMT İnkişaf Proqramı və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) birgə layihəsi olan “Peşəkar İnkişaf və İnnovasiyalar Platforması” da gənclərin peşəkar inkişafla bağlı maarifləndirilməsi və gələcək iş həyatına hazırlığına dəstək verir. Artıq 2300-dən çox gənc layihədən yararlanıb və bu il daha 500 gənc həmin layihəyə cəlb olunacaq.
“Məktəbim”, “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” və “Kəndlərdə heyvandarlıq sahəsində ailə biznesinin və özünüməşğulluğun inkişafı” kimi layihələrdə də gənclərə üstünlük verilir və onların məşğulluğuna və kiçik biznesə çıxışına dəstək göstərilir.
Eləcə də Bakı və bölgələrdə gənclər üçün vebinarlar, konfranslar, karyera sərgiləri və yarmarkalar təşkil olunur, “Alo karyera” dəstək xidməti fəaliyyət göstərir. Gənclər həmin tədbirlərdə karyera planlaması, düzgün ixtisas/peşə seçimi, iş axtarışı yolları, CV, istək məktubunun hazırlanması, müsahibəyə hazırlıq və s. mövzular üzrə məlumatlandırılır.
Vətən müharibəsi şəhidinin ailəsi ziyarət edilib
Azərbaycan icması Mayamidə Novruz bayramını qeyd edib
Lerikdə şəhid baş leytenant Əliqismət Yaqublunun ailəsi ziyarət olunub