“Heydər Əliyev İli” çərçivəsində “Gənclər üçün şəhər mühiti” mövzusunda debat
Bakı, 2 fevral, AZƏRTAC
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “Heydər Əliyev İli” çərçivəsində 2 Fevral - Gənclər Günü münasibətilə “Gənclər üçün şəhər mühiti” mövzusunda debat təşkil edib.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin dəstəyi ilə təşkil edilmiş tədbirin məqsədi gələcək şəhər mühitinin formalaşdırılması imkanlarının gənclərlə birlikdə müzakirə edilməsi, ortaq baxışların öyrənilməsidir.
Tədbirdə iştirakçılara müasir Azərbaycanın gənclər siyasətinin banisi Ulu Öndər Heydər Əliyevin gənc nəslə olan diqqət və qayğısından bəhs edilib.
Bildirilib ki, ölkə rəhbərliyi tərəfindən bu siyasətin layiqli davamı nəticəsində gənclər cəmiyyətimizin inkişafında fəal iştirak edir, müxtəlif sahələrdə yüksək nailiyyətlər qazanır, dövlətçiliyin möhkəmləndirilməsində xüsusi rol oynayırlar. Bununla yanaşı, şəhərsalma sektorunun inkişafında gənclərin fikirlərinin vacibliyi önə çəkilib, düzgün planlaşdırma və layihələndirmə işləri ilə müasir şəhər mühitinin yaradılmasında onların iştirakının əhəmiyyəti vurğulanıb.
Tədbir çərçivəsində ali təhsil ocaqlarından seçilmiş tələbələr arasında debat keçirilib. Onlar komandalara bölünərək “Gənclər üçün şəhər mühiti” mövzusunda hazırladıqları təqdimatlarla çıxış ediblər. Aparılan müzakirələr zamanı gənclər şəhər mühitinin rahatlığı və təhlükəsizliyinin təmin edilməsi istiqamətində təkliflərini səsləndiriblər. Müasir şəhər sistemində "Ağıllı" konsepsiyaların tətbiqi, bərpa olunan enerjidən istifadə, ictimai nəqliyyatın üstünlüyü ilə daha mobil və ekoloji təmiz mühitin yaradılması kimi, habelə digər mühüm sosial məsələlərə diqqət yönəldiblər.
Sonda gənclərin təklifləri əsasında ümumiləşdirilmiş yanaşmalar tədbir iştirakçılarına təqdim edilib. Gənclər debatda iştirak etdiklərinə görə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi tərəfindən sertifikatlarla təltif olunublar.
İmişli rayonunda 43.5 kilometr uzunluğa malik yolların yenidən qurulması davam edir
Azərbaycan Höküməti ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında saziş imzalanıb
Ümumi inşaat işlərinin 90,6 faizini qeyri-dövlət tikinti müəssisələri görüblər
Yanvarda metallurgiya sənayesində 71,1 milyon manatlıq məhsul istehsal olunub