×
A
A
A
Sazlamalar

Xarici bazarlara daxil olmağa çalışan yerli şirkətlər üçün təlim keçirilib

Bakı, 2 fevral, AZƏRTAC

Fevralın 2-də Azərbaycan Mərkəzi Bankı (AMB), Bakı Fond Birjası (BFB), “CPM İnvestisiya Şirkəti” və Kiçik Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən xarici bazarlara daxil olmağa çalışan yerli şirkətlər üçün “Qiymətli kağızların buraxılışı, Bakı Fond Birjasında listinq və Listinq Məsləhət Proqramı” mövzularında onlayn təlim keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, təlimdə kapital bazarı ilə bağlı ümumi məlumat, qiymətli kağızların buraxılışı, onların birjada listinqə alınması proseduru və Listinq Məsləhət Proqramı ilə bağlı ətraflı məlumat verilib. Tədbirin əsas məqsədi yerli şirkətlərə alternativ maliyyələşmə üsullarını təqdim etmək və bu istiqamətdə beynəlxalq təcrübəni bölüşməkdir.
Qeyd edək ki, Bakı Fond Birjası əməkdaşlıq etdiyi investisiya şirkətləri və KOBİA ilə birlikdə kapital bazarı haqqında məlumatlılığın artırılması, yerli biznes mühitində qiymətli kağız buraxılışı təcrübəsinin aşılanması və fond birjasında listinqin təşviq edilməsi məqsədilə mütəmadi ödənişsiz təlimlər təşkil edir.

 

Maliyyə 2023-02-02 13:54:00