×
A
A
A
Sazlamalar

Vətəndaşlar avtosığorta üzrə şəhadətnamələri onlayn ala biləcəklər

Bakı, 2 fevral, AZƏRTAC
Vətəndaşlar İcbari Sığorta Bürosunun (İSB) rəsmi veb-səhifəsinə (https://isb.az/) daxil olmaqla, seçdiyi sığorta şirkətinin loqosunun üzərində yerləşdirilmiş “Online al” düyməsinə klik edərək sığorta şəhadətnaməsini ala bilərlər.
İSB-dan AZƏRTAC-a bildirilib ki, şirkətlərin rəsmi veb-səhfilərində əlaqədar bölmənin axtarılmasına ehtiyac olmadan onlayn rejimdə rahatlıqla sığorta təminatının əldə edilməsi mümkün hala gətirilib. Bununla yanaşı, vətəndaşların sığorta müqaviləsini əldə etmək üçün sığorta şirkətlərinin bütün filiallarına və vasitəçilərə də müraciət etmək imkanı qalmaqdadır.
Xatırladaq ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta müqavilələrinin bağlanması ilə bağlı qanunvericiliyə əsasən, bu növ üzrə icbari sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq icazəsi olan sığorta şirkətləri avtomobillərin icbari sığorta edilməsi ilə bağlı onlara edilən müraciətlərə cavab olaraq avtomobilləri sığortalamaqdan imtina etmək hüququna malik deyil. Belə ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 23.3-cü maddəsinə əsasən, sığortaçı müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan şəxslə icbari sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz. Qeyd edilən məsələ ilə bağlı sığortaçılar tərəfindən imtina halları baş verdiyi təqdirdə vətəndaşlar maliyyə bazarlarına nəzarət funksiyasını həyata keçirən Mərkəzi Bankın 966 qaynar xəttinə zəng vurmaqla və ya yazılı şəkildə müraciət etməklə öz şikayətlərini bildirə bilərlər. Həmçinin vətəndaşlar şirkətlərin elektron sistemləri ilə əlaqədar yaşadıqları texniki problemləri 7/24 İcbari Sığorta Bürosunun [email protected] email ünvanına müraciət edərək və ya 012 595-00-20 nömrəli çağrı mərkəzinə zəng vuraraq bildirə bilərlər.

Maliyyə 2023-02-02 13:52:00