Fəaliyyəti olmayan vergiödəyiciləri maliyyə sanksiyasından azad edilib
Bakı, 2 fevral, AZƏRTAC
Vergi Məcəlləsində sahibkarların işini yüngülləşdirən dəyişikliklərdən biri də fəaliyyəti olmayan vergiödəyicilərinə boş hesabatı təqdim etmədiyinə görə tətbiq olunan maliyyə sanksiyasının ləğvidir.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, yeniliyin mahiyyətini şərh edən İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin rəhbəri Radil Fətullayevin sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən müəssisələr, fiziki və hüquqi şəxslər iki yerə bölünür. Birinci qrup real dövriyyəsi, fəaliyyəti olan şirkətlərdir. Bunların həm əmlakı, həm də işçiləri, gəlirləri, ümumi təsərrüfat əməliyyatları vardır. Digər qrupa isə fəaliyyəti olmayan və ya qısamüddətli fəaliyyət göstərib sonradan işini dayandıran sahibkarlıq subyektləri daxildir: “Vergi Məcəlləsinə əsasən, vergiödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda vergi orqanına vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq arayış təqdim edilir. Bu müddəa fəaliyyəti olmayan müəssisələrə, VÖEN-i olub fəaliyyətini donduran sahibkarlıq subyektlərinə, eyni zamanda MMC-lərə aid ola bilər. Fəaliyyəti olmayan həmin müəssisələr öz fəaliyyətlərinin olmaması ilə bağlı vergi orqanına arayış təqdim etməlidirlər”.
Qeyd olunub ki, Vergi Məcəlləsinin 2022-ci ilin sonanadək qüvvədə olmuş 57.1-ci maddəsinə əsasən, Məcəllənin 16.2-ci maddəsində göstərilən şəxslər hesabatı, yəni cari arayışı və boş hesabatı vaxtında təqdim etmədikdə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilirdi.
Vergi Məcəlləsində həmin maddənin yeni redaksiyası 2023-cü il yanvarın 1-dən qüvvəyə minib. Məcəllənin hazırda qüvvədə olan 57.1-ci maddəsinə əsasən, hesabat dövrü üzrə vergi tutulan və ya vergidən azad edilən (vergiyə cəlb edilməyən) əməliyyatlar aparan, vergitutma obyektləri olan vergi ödəyicisi tərəfindən vergi hesabatının əsas olmadan müəyyən edilən müddətdə təqdim edilməməsinə görə vergiödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Başqa sözlə, fəaliyyəti olmayan müəssisələrin, eyni zamanda fiziki və hüquqi şəxslərin boş hesabat vermə öhdəliyi yerində qalır. Ancaq bu öhdəliyi yerinə yetirmədiyi halda, onlara 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmir.
Aksiz markası ilə bağlı qanun pozuntusuna görə maliyyə sanksiyası tətbiq olunurmu?
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 46 min 258 ipoteka krediti verilib
Dövlət Vergi Xidməti: Elektron xidməti üzrə istifadəçi təlimatları hazırlanıb