×
A
A
A
Sazlamalar

İstilik və isti su sayğaclarının quraşdırılması işlərinə başlanılıb

Bakı, 2 fevral, AZƏRTAC

“Azəristiliktəchizat” ASC istehsal və əməliyyat səmərəliliyini artırmaq, uçot sistemini təkmilləşdirmək, həmçinin istilik enerjisindən səmərəli istifadəni stimullaşdırmaq və fəaliyyətini müasirləşdirmək məqsədilə istilik və isti su sayğaclarının quraşdırılması işlərinə başlayıb.
ASC-dən AZƏRTAC-a bildirilib ki, ilkin olaraq 60 istilik sayğacının satınalınması prosesi yekunlaşdırılıb və pilot layihə çərçivəsində qeyri-əhali abonentləri üçün quraşdırılması təmin ediləcək. Layihə nəticəsində istilik və isti su məqsədləri üçün istilik enerjisinin istehsalının və çatdırılmasının resurs və maliyyə tələbi daha dəqiq müəyyən olunacaq, xidmət keyfiyyətinin yüksəldilməsi, istehsal prosesinin daha səmərəli təşkili təmin edilməklə, istehlakçı məmnunluğunun artırılması üçün əsaslı zəmin yaradılması mümkün olacaq.
Bundan başqa, isti su təchizatının sayğaclaşdırılması ilə bağlı əlavə tədbirlər görülür və mövcud isti su sayğaclarının yenilənməsi üçün Azərbaycanda yeganə yerli sayğac istehsalçısı olan “Gəncə Cihazqayırma zavodu” ASC ilə qanunvericiliyə uyğun olaraq 3500 ədəd isti su sayğacının alınmasına dair müqavilə imzalanıb. Artıq sayğacların yenilənməsi işlərinə başlanılıb.
Hazırda istilik sayğacları quraşdırılmadığı hallarda istilik təchizatı xidmətləri əhali istehlakçıları üçün mənzilin 1 kvadratmetr yaşayış sahəsinə görə, qeyri-əhali istehlakçıları üçün binanın 1 kubmetr tikinti həcminə görə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2011-ci il 24 noyabr tarixli 04 nömrəli qərarına əsasən müəyyən etdiyi tariflərlə hesablanır.

İqtisadiyyat 2023-02-02 11:59:00