×
A
A
A
Sazlamalar

Ekokönüllü: Əl-ələ verib torpaqlarımızı yenidən cənnət guşələrinə çevirəcəyik

Bakı, 2 fevral, AZƏRTAC

Sağlam və düzgün yetişən gənclik xalqın, millətin gələcək inkişafının bünövrəsi hesab olunur. Məhz sağlam təməl daşları istənilən çətinlikdə, dar məqamda milləti ayaqda tutmağı bacarır, yükün ağırlığına tab gətirir, fırtınalar, çovğunlar qarşısında öz əsalətini itirmir. Azərbaycan gəncliyinin zaman-zaman çətin sınaqlar qarşısında məğrur duruşu milyonlarla azərbaycanlının parlaq gələcəyinə ümid işığı saçıb.
Ruhu ən müqəddəs amalların sevgisi ilə tərbiyə olunmuş gənclərimiz 2020-ci ilin payızında 44 günlük şanlı tarixin bir parçası oldular. Kimisinin canı ilə, kimisinin də qanı ilə yazdığı qəhrəmanlıq dastanı əsrlər keçsə də, oxunduqca oxunacaq. Öz cəsarəti, şücaəti ilə bütün dünyanı özünə heyran qoyan gənclərimiz sübut etdilər ki, istənilən sahədə dövləti, milləti öz arxalarınca xoşbəxt gələcəyə apara bilər, müxtəlif problemlərin, çətinliklərin yükünü öz çiyinlərinə götürə bilərlər.
Son illər dünyadakı qlobal iqlim böhranları fonunda çalınan həyəcan təbilləri Azərbaycan gəncliyini də hərəkətə gətirib. Təbiətsevər gənclərimiz ətraf mühitin qorunması, biomüxtəlifliyin bərpası tədbirlərində də fəal iştirakları ilə seçilir, qəhrəman oğulların canı-qanı bahasına azad etdiyi ərazilərin canlanmasında isə xüsusi canfəşanlıq nümayiş etdirirlər. Belə gənclər arasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekokönüllüləri Günel Axundova, Murad Qurbanov, Bədriyyə Əhmədova da var.
AZƏRTAC-ın müxbiri ilə həmsöhbət olan gənclərin hər üçü ixtisasca ekoloqdur. Onlar bu sahəyə olan sevgilərini müxtəlif aksiyalarda fəal iştirakları ilə də sübut ediblər. Hər üç ekokönüllü hazırda Xankəndi-Laçın yolunda davam edən aksiyanın da iştirakçısı olub. Gənclər öz həmyaşıdlarını təbiət dostu olmağa səsləyir, könüllülük kimi nəcib fəaliyyətdə aktiv iştiraka çağırır.
Qərbi Kaspi Universitetində magistratura pilləsinin birinci kurs tələbəsi olan Murad Qurbanov üç ildir ki, ekokönüllü kimi fəaliyyət göstərir. Bu illər ərzində müxtəlif ərazilərdə keçirilən ağacəkmə aksiyaları, həm də “Təmiz sahillər”, “Zəngin hövzələr” layihələrində iştirak edib. Onun üçün Şuşa və Zəngilan səfərləri xüsusilə fərqlənir. Murad bunu belə izah edir: “Təəssüf ki, Vətən müharibəsində iştirak etmək mənə nəsib olmadı. Lakin müharibəyə könüllü yollanan tanışlarımdan şəhadətə yüksələnlər də oldu. Odur ki, azad edilmiş ərazilərdə təşkil olunan aksiyalar, tədbirlər mənim üçün xüsusi əhəmiyyət kəsb edir. İki dəfə Şuşada, bir dəfə isə Zəngilanda olmuşam. Yol boyu gördüyüm mənzərələr məni çox kədərləndirib. İşğaldan əvvəlki şəkilləri ilə müqayisədə həmin ərazilər əsl xarabalığı xatırladır. Lakin heç nə bizi ruhdan salmır. Hər birimiz şəhidlərimizin başladığı işin davamı olaraq azad edilmiş torpaqlarımızı abadlaşdırmaq üçün çalışmalıyıq. Əminəm ki, əl-ələ verib torpaqlarımızı yenidən cənnət guşələrinə çevirəcəyik.
Hazırda Xankəndi-Laçın yolunda yataqlarımızın qanunsuz talanmasına qarşı keçirilən aksiyada da gənclərimiz fəallıq nümayiş etdirirlər. Mən də həmin aksiyada iştirak etdim. Havanın soyuğu, şaxtası bizi yolumuzdan döndərə bilməyəcək. Çünki o torpaqları azad edən oğullar yağış da, soyuq da, külək də, aclıq da, susuzluq da gördülər, lakin müqəddəs amal uğrunda mübarizələrini son damla qanlarına qədər davam etdirdilər. Bizim də borcumuz onların açdığı cığırla getməkdir”.
Zəngilanda keçirilən Beynəlxalq Su Konfransında da iştirak etdiyini bildirən M.Qurbanov belə tədbirlərin onu gələcək iş həyatına hazırladığını da qeyd edib.
“Bir gəncin gələcək karyerası üçün könüllülük keçərək təcrübə toplaması önəmlidir”, - deyə M.Qurbanov fikirlərinə yekun vurub.
İki ildir, ekokönüllü kimi fəaliyyət göstərən Sumqayıt Dövlət Universitetinin üçüncü kurs tələbəsi Günel Axundova könüllülüyün gənclərin formalaşması, dünyagörüşünün artmasında rolunu xüsusi qeyd edib.
“İki il ərzində bacarıqlarımı və dünyagörüşümü artırmış, həmçinin əlimdən gələn qədəri ilə təbiətə öz töhfəmi verməyə çalışmışam. Əvvəllər daha utancaq, az sosiallaşan biri idim, könüllülük sayəsində bütün komplekslərimi atmışam. Ümumiyyətlə könüllülük həyatı çox əyləncəli və maraqlıdır. Əylənərək öyrənmək, kollektivlə işləmək, təbiətlə təmasda olub onu gözəlləşdirmək insana çox müsbət əhval-ruhiyyə bəxş edir. Bu müddət ərzində bir çox layihə, aksiya və tədbirlərdə iştirak etsəm də, bunlardan ən yadda qalanı və unudulmazı Xankəndi-Laçın yolunda hazırda davam edən aksiyadır. İlk günlərdən orada olmaq bir ekoloq kimi mənim üçün əvəzedilməz hisslər idi. Könüllü olub inkişaf etmək bir gəncin özünə edə biləcəyi ən gözəl yaxşılıqdır. Bütün gəncləri Azərbaycan Gəncləri Günü münasibətilə səmimi qəlbdən təbrik edir, onlara hər zaman belə həmrəy olmağı və gözəl nailiyyətlərlə yadda qalmağı arzulayıram”.
Əvvəllər digər qurumlarda könüllü kimi fəaliyyət göstərən Bədriyyə Əhmədova dörd aydır ki, ekokönüllüdür. Bir ekokönüllü kimi o da Xankəndi-Laçın yolundakı etiraz aksiyasında iştirak missiyasını yerinə yetirib: “Yataqlarımızın qanunsuz talanmasına qarşı etiraz etmək, sərvətlərimizə sahib çıxmaq hər birimizin borcudur. Burada hansı peşənin, ixtisasın yiyəsi olmaq, yaşın, cinsin, dinin, dilin, milliyyətin heç bir fərqi yoxdur. Azərbaycan çoxmillətli, çoxkonfensiyalı bir ölkə olsa da, hər kəsin bir amalı var: bu torpağa kəm baxan gözlərə dağ çəkmək, yeraltı, yerüstü bütün sərvətlərə sahib çıxmaq. Necə ki, Vətən müharibəsində hamımız həmrəy olub Qələbəyə sevindik, bundan sonrakı bütün fəaliyyətlərimizdə də birliyimizi nümayiş etdirməliyik və etdiririk də. Lakin ekokönüllülər, təbiətsevərlər ətraf mühitə dair istənilən məsələyə çox həssas yanaşırlar. Mən də bir ekokönüllü kimi çalışıram ki, ətraf mühitin qorunmasına dair bütün tədbirlərdə aktiv olum, həm təbiətimizə fayda verim, həm də özümü daha da inkişaf etdirim. Gələcəkdə daha yaxşı bir ekoloq olmaq üçün təcrübəyə çox ehtiyacım var. Düşünürəm ki, könüllülük fəaliyyəti bilmədiklərimi də öyrənməyə kömək edəcək”.
Göründüyü kimi gələcəyimizi gənclərimizə və onların izi ilə gələn nəsillərə etibar edə bilərik. Çünki gəncliyimiz parlaq gələcəyə uzanan işıqlı yollarla addımlamağı seçib...

 

Ekologiya 2023-02-02 10:12:00