×
A
A
A
Sazlamalar

İtaliya qəzetləri TAP-ın genişləndirilməsinin əhəmiyyətindən yazıb

Roma, 2 fevral, AZƏRTAC

İtaliyanın nüfuzlu qəzetlərində Azərbaycan təbii qazını Avropa bazarlarına çatdıran TAP boru kəmərinin genişləndirilməsinin əhəmiyyətinə dair məqalələr dərc edilib.
AZƏRTAC xəbər verir ki, “il Sole 24 Ore” qəzeti boru kəmərinin operatoru TAP AG şirkətinin məlumatına istinad edərək TAP-ın genişləndirilməsi üzrə bazar sınaqlarının başa çatdığını, boru kəmərinin ötürücülük qabiliyyətinin artırılması prosesinin birinci mərhələsinin başlandığını bildirib. 2026-cı ildən başlayaraq uzunmüddətli müqavilələr üzrə TAP-la ildə 1,2 milyard kubmetr əlavə həcm nəql olunacaq. 2027-ci ilədək boru kəmərinin ötürücülük gücünün iki dəfə artırılması və ildə ən azı 20 milyard kubmetr qaz nəqlinə çatdırılması hədəflənir.
Vurğulanır ki, Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” yatağından çıxarılan təbii qazı Avropaya nəql edən TAP 2022-ci ildə “Köhnə qitə”yə 11,5 milyard kubmetr qaz nəql edib, bu həcmin təxminən 10 milyard kubmetri İtaliya bazarına yönəlib. Hazırda TAP boru kəməri İtaliyanın ikinci təbii qaz təchizatı mənbəyidir.
Qeyd olunur ki, Azərbaycan Avropanın təkcə təbii qaz təchizatçısı deyil, elektrik enerjisi və yaşıl hidrogen də daxil olmaqla, hidrogen təchizatçısı da ola bilər.
“il Giornale” qəzetində yayımlanan məqalədə isə İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri Gilberto Piçetto Fratinin fikirlərinə yer verilib. Nazir TAP boru kəmərinin İtaliyanın enerji təhlükəsizliyində mühüm yeri olduğunu, təbii qaz tədarükündə mənbələrin şaxələndirilməsi baxımından əhəmiyyət kəsb etdiyini deyib. O bildirib: “TAP–ın ötürücülük qabiliyyətinin ikiqat artırılmasına hazırıq. Ötən yay qaz qiymətlərinin kəskin bahalaşması və Rusiyadan tədarükün kəsilməsi ilə italyanlar enerji siyasətinin əhəmiyyətini başa düşdülər. Rusiyadan tədarükün azalmasının öhdəsindən gəlmək üçün həm mənbələri şaxələndirmək, həm də gələcəklə istehsalla bağlı planlar qurmalıyıq”.
“Yaxşı xatırlayıram ki, Puglia bölgəsinin rəhbərliyi TAP-ın inşasına qarşı çıxırdı. Düşünün ki, onlar qalib gəlsəydilər və boru kəməri inşa edilməsəydi, biz bu qış mövsümündə işıqsız və gündə ən azı bir saat, hətta pik vaxtlarda daha çox qaranlıqda qalmalı olardıq”, - deyə nazir vurğulayıb.
Qeyd edək ki, TAP kommersiya xarakterli qaz nəqlinə 2020-ci ilin dekabrında başlayıb. TAP Türkiyə-Yunanıstan sərhədində TANAP boru kəmərinə birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənubunda sahilə çıxır. Boru kəmərinin Yunanıstan və Albaniyadakı çıxışları, İtaliyayadək uzanması ilə birlikdə Azərbaycan qazının daha geniş Avropa bazarlarına nəqli üçün çoxsaylı imkanlar yaradır. TAP Cənub Qaz Dəhlizinin əsas hissəsi kimi Avropa üçün strateji və iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edir.


Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

 

 

Neft - qaz 2023-02-02 01:51:00