×
A
A
A
Sazlamalar

AZƏRTAC-ın gənc əməkdaşları Azərbaycan Gəncləri Günü münasibətilə “Müşfiq ocağı”nı ziyarət ediblər

Bakı, 1 fevral, AZƏRTAC

…Burada hər şey onu xatırladır. Ağappaq vərəqlərə inci kimi düzülən sətirlər, sıra-sıra kitablar onun yadigarıdır. Onun ürəkləri fəth edən şeirləri şaqraq və tükənməz ilhamının məhsulu idi. Şair ömrünün müxtəlif anlarını əks etdirən şəkillər onun nurlu simasını göz önündə canlandırır. Bakının dəli küləklərinin qara gur saçlarını geriyə daradığı şairin əlyazmaları, şairin ailə üzvləri, dostları, oxucuları ilə olan şəkilləri ziyarətçiləri xəyalən uzaq illərə aparır. 12493 nömrəli cinayət işinin surəti də muzeyin eksponatları arasındadır...
Söhbət Xızı rayonunun Sayadlar kəndində Mikayıl Müşfiqin birmərtəbəli və birotaqlı muzeyindən gedir.
Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan AZƏRTAC hər il Gənclər Gününü müxtəlif məkanlara səfərlərlə qeyd edir. Agentliyin həmkarlar ittifaqı komitəsi gənc əməkdaşların builki səfərini Mikayıl Müşfiqin xatirə muzeyinə təşkil edib. “Müşfiq ocağı” adlandırılan muzeyə ziyarət nakam şairin vəfatının 85, anadan olmasının isə 115 illiyinə təsadüf edib.
Muzeyin bələdçiləri AZƏRTAC-ın əməkdaşlarına şairin qısa və mənalı ömür yolundan bəhs edərək bildiriblər ki, Mikayıl Əbdülqadir oğlu İsmayılzadə 1908-ci il iyunun 5-də Bakının Dağlı məhəlləsində, ziyalı ailəsində dünyaya göz açıb. Çox körpə ikən anası Züleyxanı, altı yaşında isə atasını itirmiş Mikayıl yaxın qohumlarının himayəsində böyüyüb. 1915-1920-ci illərdə rus-Azərbaycan məktəbində, 1920-1927-ci illərdə əvvəlcə Bakı Darülmüəllimində, sonra isə 12 nömrəli ikinci dərəcəli məktəbdə, 1927-1931-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində oxuyub. Əmək fəaliyyətinə müəllimliklə başlayıb, yeddi il Bakı məktəblərində dərs deyib.
Mikayıl Müşfiqin mətbuatda dərc olunan “Bu gün” adlı ilk şeiri 1926-cı ildə “Gənc işçi” qəzetində, “Duyğu yarpaqları” adlı sonuncu şeiri isə 1937-ci ildə “Ədəbiyyat qəzeti”ndə işıq üzü görüb. Sovet imperiyasının repressiya dalğasına tuş gələn gənc şair 1938-ci il yanvarın 6-da amansızlıqla güllələnib. Şöhrəti ellər dolaşan xeyli kitabın müəllifi olan şairin güllələnəndə heç 30 yaşı tamam olmamışdı...
Bakıda görkəmli şairin xatirəsini əbədiləşdirmək üçün onun büstü qoyulub, yaşadığı binanın qarşısına xatirə lövhəsi vurulub, qəsəbəyə, məktəbə, küçəyə və meydana adı verilib, Xızıda xatirə muzeyi yaradılıb.
Bələdçilər məlumat verərək bildiriblər ki, şairin yaşadığı ev dağıldığı üçün muzey Müşfiqin 80 illik yubileyi çərçivəsində - 1988-ci ildə atası Əbdülqədirin bağ yerində salınıb. Şair 1937-ci ildə güllələndikdən sonra nəşi dənizə atılıb. Ona görə də Xatirə muzeyində simvolik məzar qoyulub, büst hazırlanıb. Büstün memarı Münəvvər Rzayevadır. 2004-cü ildə isə bura dövlət himayəsinə keçərək Mikayıl Müşfiqin Xatirə muzeyi statusunu alıb.
Muzeyin yaxınlığında M.Müşfiqin 100 illik yubileyinə həsr olunan “Oxu, tar”, həyətyanı sahəsində isə kitab abidəsi qoyulub. Muzeydə şairə aid 220-dən çox eksponat saxlanılır.

Sosial 2023-02-01 18:16:00