×
A
A
A
Sazlamalar

Bərdədə Qarabağ qaziləri və fəal gənclərlə görüş

Bərdə, 1 fevral, AZƏRTAC

Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatında “Heydər Əliyev İli” çərçivəsində 2 Fevral - Gənclər Gününə həsr edilmiş Qarabağ qaziləri və rayonun fəal gəncləri ilə görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qarabağ qaziləri və fəal gənclər əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər güllər düzərək xatirəsinə ehtiramlarını bildiriblər.
Tədbir Ulu Öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsinin yad edilməsi ilə başlayıb.
YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya çıxış edərək, ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsinin Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu deyib. Bildirib ki, dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün vətənpərvər, milli-mənəvi dəyərlərə, Heydər Əliyev ideyalarına sadiq gənclik formalaşıb. Azərbaycan gəncləri Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ətrafında sıx birləşərək nəyə qadir olduqlarını 44 günlük Vətən müharibəsində sübut etdilər.
Partiya fəalı, gənclər və idman idarəsinin rəisi Hikmət Ələkbərli çıxışında ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan danışıb, gənc nəslin sağlam, intellektli və vətənpərvər ruhda böyüməsinin prioritet sahələrdən olduğunu bildirib.
Tədbirdə çıxış edən Qaradağ qaziləri döyüş yollarından danışıb, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Gənclər Günü münasibətilə Qarabağ qazilərinə və fəal gənclərə qiymətli hədiyyələr təqdim olunub.

Regionlar 2023-02-01 17:39:04