×
A
A
A
Sazlamalar

Diabetin “Modi” kimi aralıq növlərində genetik meyillilik daha çoxdur

Bakı, 1 fevral, AZƏRTAC
Diabetin bir neçə növü var. Cəmiyyətdə daha çox ikinci tip diabet müşahidə olunur. Diabetin bu növündə bədəndəki insulin keyfiyyətsiz olur, işə yaramır və ya toxumalar onu tanımırlar.
Birinci tip diabetdə isə bədəndə insulin əmələ gətirən hüceyrələr hər hansı bir şəkildə öz fəaliyyətlərini dayandırırlar. Yəni bədəndə insulin olmur və müalicəsi insulin vasitəsilə aparılır. İkinci tipdə isə müəyyən dərman preparatları təyin olunur. Bundan başqa, diabetin aralıq növləri də var və rastgəlmə tezliyi 4-5 faiz təşkil edir. Nadir görülsə də, diabetin gənc yaşlarda müşahidə edilən, sonradan üzə çıxan növləri də var.
AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq endokrinoloqu Azad Əkbərzadə nazirliyin instaqram səhifəsində “uşaqlarda şəkər xəstəliyi” mövzusunda canlı yayımda deyib.
Mütəxəssisin sözlərinə görə, diabetin bəzi növlərinin əmələ gəlməsində genetik meyillilik rol oynasa da, bir sıra növlərində vəziyyət fərqlidir: “İkinci tip diabet genetika ilə daha çox əlaqədardır. Valideynlərin birində diabet varsa, uşaqlarda yaranma ehtimalı 20-30, ikisində də varsa 50-60, hətta 80 faizdir. Birinci tip diabetin genetik ötürülməsi faizi azdır. Ana diabetdirsə 4-5, ata diabetdirsə 5-8 faiz, hər ikisində də varsa, 30 faiz ötürə bilər. Heç bir diabet olmayan ailədə 0.4-0.5 ehtimalla diabetin ortayaçıxma ehtimalı var. “Modi” kimi aralıq növdə isə genetik meyillilik daha çoxdur. Bu zaman hər nəsildə, hər generasiyada diabet aşkarlanır”.

Səhiyyə 2023-02-01 16:29:00