×
A
A
A
Sazlamalar

Aqroparklarda növbəti 5 il ərzində pivotaltı sahə 100 min hektara çatdırılacaq

Sumqayıt, 1 fevral, AZƏRTAC

Aqroparklarda səmərəliliyin artırılması məqsədilə növbəti 5 il ərzində pivotaltı sahənin 100 min hektara çatdırılması nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) 2022-ci il üzrə fəaliyyətinin yekunlarına dair mətbuat konfransında Agentliyin İdarə Heyətinin sədri Elşad Nuriyev deyib.
“Yeni dəstək tədbirləri çərçivəsində aqroparklar cari ilin əkin planlamasında pivotaltı sahədə buğda əkinini 52 faiz və ya 11,3 min hektar artırmaqla 33 min hektara çatdırmağı nəzərdə tuturlar. Bu da mövcud ümumi pivotaltı sahənin 75 faizini təşkil edəcək. Eyni zamanda, aqroparklarda ərzaqlıq buğda istehsalının 2023-cü ildə 145 min tona çatdırılması proqnozlaşdırılır”, - deyə E.Nuriyev əlavə edib.
Onun sözlərinə görə, aqroparklarda yeni intensiv və superintensiv meyvə bağlarının sahələri fındıq üzrə 2600 hektar, zeytun üzrə 2248 hektar, qoz üzrə 1228 hektar, badam üzrə 1010 hektar, alma üzrə 388 hektar, nar üzrə 355 hektar, üzüm üzrə 152 hektar və müxtəlif növ meyvə bağları üzrə isə 275 hektar olmaqla, ümumilikdə 8256 min hektar təşkil edib. Aqroparklarda salınmış fındıq, zeytun və qoz bağları ölkədə sahəsinə görə ən böyük intensiv bağlardır.

Kənd təsərrüfatı 2023-02-01 15:28:42