×
A
A
A
Sazlamalar

Dövlət Agentliyinin sədri ASAN könüllüləri ilə görüşüb

Bakı, 1 fevral, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin ASAN könüllüləri ilə növbəti görüşü keçirilib. Görüş 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə gerçəkləşib.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı Ülvi Mehdiyev Prezident İlham Əliyev tərəfindən ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətindən söz açıb. Vurğulayıb ki, könüllülər “ASAN xidmət”in fəaliyyətə başladığı ilk gündən etibarən həmin konsepsiyanın vacib bir komponentidir. Məhz ASAN könüllüləri tərəfindən mərkəzlərdə vətəndaşlara xidmət sahəsində məmnunluğun əldə olunması, o cümlədən müxtəlif sosial, hərbi vətənpərvərlik, şəxsi inkişaf layihələrinin həyata keçirilməsi istiqamətində uğurlu nəticələr əldə olunub.
Ardınca ASAN könüllülərinin uğur hekayələri dinlənilib. Görüş sual-cavab və müzakirələrlə davam edib.
Xatırladaq ki, “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinə 30 mindən çox könüllü gənc qoşulub. Bu günə kimi könüllülər tərəfindən 5 mindən çox təlim, 770-dən çox yerli və beynəlxalq layihə keçirilib və 3 min 300-dən çox könüllü “ASAN Kadr” portalı vasitəsilə işlə təmin olunub.

Sosial 2023-02-01 15:01:00