×
A
A
A
Sazlamalar

IFC Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə töhfə verəcək

Bakı, 1 fevral, AZƏRTAC

Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycan iqtisadiyyatının şaxələndirilməsini təşviq etmək məqsədilə yaradılmış ixracyönümlü sənaye zonası olan Ələt Azad İqtisadi Zonası ilə əməkdaşlığa maraq göstərən potensial investorları müvafiq layihələri hazırlamaqda dəstəkləmək üçün imkanlar arayacaq.
IFC-dan AZƏRTAC-a bildirilib ki, neft sektorunun ölkədə iqtisadi inkişafın əsas sütunu olmasına baxmayaraq, Azərbaycan, həmçinin qeyri-neft sektorunda mövcud olan imkanları özəl sektor üçün innovativ təşəbbüslərə, o cümlədən Ələt Azad İqtisadi Zonası vasitəsilə təkan vermək niyyətindədir. Bu yanaşma ötən il qəbul olunmuş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində də əksini tapıb.
Bu strategiyanı dəstəkləmək məramı ilə IFC Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumu ilə anlaşma memorandumu imzalayıb. Memoranduma əsasən, fəaliyyətini Ələt Azad İqtisadi Zonasında davam etdirməkdə maraqlı olan şirkətlər üçün məsləhətçi və layihələrin ilkin mərhələdə inkişafı üzrə dəstəkləyici çərçivə qurulacaq. IFC Avstriyanın Federal Maliyyə Nazirliyi ilə tərəfdaşlıqda və Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumu ilə birgə Azad Zonanın rezidentləri üçün dəstək və məsləhət xidmətləri təqdim edəcək. Məqsəd Azərbaycanın “xalis sıfır” karbon mühitə keçidini və iqlim dəyişməsinə dayanıqlı inkişafını təmin edəcək şirkətlərə müvafiq investisiya layihələrini müəyyən edib və işlənib hazırlamasında kömək göstərməkdir.
“Ələt Azad İqtisadi Zonası investorlar üçün unikal bir mühit yaradaraq, Azərbaycanda müasir enerji, nəqliyyat və logistika infrastrukturu ilə səciyyələnən bilik əsaslı, rəqabətli iqtisadiyyat qurmaq səylərinin mərkəzindədir. IFC ilə əməkdaşlığımız bizə ən qabaqcıl beynəlxalq standartlara önəm verərək, bu məqsədə nail olmağa kömək edəcək”,– deyə Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun sədri Valeh Ələsgərov bildirib.
Azərbaycan hökuməti Bakı Beynəlxalq Dəniz Ticarət Limanına və nəqliyyat dəhlizlərinə yaxın olan Ələt Azad İqtisadi Zonasında müstəqil hüquqi və tənzimləyici çərçivə yaradır, vergi və qeyri-fiskal güzəştlər təqdim edir və müvafiq infrastruktur qurur ki, Azad Zonaya ixracyönümlü, yüksək əlavə dəyərə malik və sənaye fəaliyyətlərini cəlb etsin və inkişaf etdirsin.
“Son onilliklərdə Azərbaycanın iqtisadi artımının lokomotivi əsasən neft-qaz sektoru olub. Lakin regionun geosiyasi durumunda və enerji sistemlərinin inkişafında köklü dəyişikliklər, eləcə də hökumətin uzunmüddətli strateji iqtisadi islahat planları ölkə iqtisadiyyatının şaxələndirilməsini şərtləndirir. Ələt Azad İqtisadi Zonası ilə tərəfdaşlıq bu prosesi dəstəkləmək səylərimizin tərkib hissəsidir. Çünki iqtisadiyyatın diversifikasiyası ölkənin qlobal rəqabətə davamlılığını və azərbaycanlıların gələcək nəsillərinin firavan yaşamasını təmin edəcək”,– deyə IFC-nin Avropa üzrə regional direktoru Rəna Karadşeh bildirib.
Qeyd edək ki, Azərbaycan 1995-ci ildən Beynəlxalq Maliyyə Korporasiyasının üzvüdür. Ötən dövr ərzində IFC Azərbaycanın maliyyə xidmətləri, infrastruktur və sənaye kimi bir sıra iqtisadi sahələrində icra edilmiş layihələrə 500 milyon ABŞ dollarına yaxın (o cümlədən digər kreditorlardan cəlb edilmiş 73 milyon dollar) yatırımlar edib. Bundan əlavə, IFC ticarətin maliyyələşdirilməsi proqramı vasitəsilə 100 milyon dollar civarında ticarət dövriyyəsini dəstəkləyib və Bakı–Tbilisi–Ceyhan boru kəmərinin inşa edilməsinə 250 milyon dollar ayırıb. IFC, həmçinin özəl bölmənin inkişafını dəstəkləmək məqsədilə müxtəlif məsləhətçi xidmətləri layihələri icra edib.

İqtisadiyyat 2023-02-01 14:12:00