×
A
A
A
Sazlamalar

Ulu Öndərin həyat yolu Vətənə və xalqa xidmət nümunəsidir

Astara, 1 fevral, İlkin Adıyev, AZƏRTAC

Astara Rayon Polis Şöbəsində “Ümummilli Lider Heydər Əliyev – tarix yaradan şəxsiyyət” mövzusunda tədbir təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azər Cəfərov, rayon icra hakimiyyətinin şöbə müdiri Bəsti Əliyeva, Gənclər və İdman İdarəsinin rəisi Rufan Şirinov, rayon Veteranlar Şurasının sədri Rafiq Əliyev öz həyatını doğma xalqına həsr edən Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı tarixi xidmətlərindən, onun siyasi təcrübəsi və uzaqgörənliyi sayəsində ölkəmizin beynəlxalq müstəvidə qazandığı uğurlardan, daxildə əldə olunan ictimai-siyasi sabitlikdən söz açıblar.
Qeyd olunub ki, müstəqil Azərbaycanın qurucusu və memarı olan Ümummilli Liderin həyat və fəaliyyətinin öyrənilməsi həm müasir Azərbaycanın müstəqillik və inkişaf tarixinin tədqiqi, həm də əsl liderlik xüsusiyyətlərinin, vətən-millət sevgisinin gələcək nəsillərə çatdırılması baxımından ən gözəl nümunədir. Bu baxımdan Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi çox mühüm addımdır.
Tədbirdə, həmçinin Azərbaycan daxili işlər orqanlarının milli təməllər üzərində formalaşmasında və inkişafında Heydər Əliyevin danılmaz rolu diqqətə çatdırılıb və Ümummilli Liderin ictimai-siyasi fəaliyyətinə həsr olunan qısametrajlı sənədli film nümayiş olunub.

Regionlar 2023-02-01 14:03:50