×
A
A
A
Sazlamalar

Ceyranbatan suyunu keyfiyyətli edən nədir? – mütəxəssis açıqlayır

Sumqayıt, 1 fevral, Firuz Novruzov, AZƏRTAC

Ceyranbatan su anbarı 186 milyon kubmetr su tutumuna malikdir. Bu anbar vasitəsilə Bakı şəhəri daxil olmaqla, bütün Abşeron yarımadası, həmçinin Sumqayıt şəhərində əhalinin 60 faizindən çoxu içməli su ilə təmin olunur. Digər 40 faiz istehlakçıya isə Oğuz-Qəbələ-Bakı, Şollar su kəmərləri ilə gələn və Kür çayından götürülərək emal edilən su verilir.
AZƏRTAC-ın əməkdaşı Ceyranbatan Su Təchizatı İdarəsində emal prosesi ilə tanış olub.

Ceyranbatan gölü mənbəyini Samux çayından götürür. Çayın suyu sahəsi 8,71 kvadratkilometr, su tutumu 270 milyon kubmetr olan Taxtakörpü su anbarına ötürülür. Yeri gəlmişkən, Taxtakörpü su anbarının bəndi nəinki Azərbaycanda, Avropada da ən hündür torpaq bəndlərdən biridir.

Ceyranbatan Su Təchizat İdarəsinin rəis müavini Oruc Bayramov suyun emalının vacib və məsuliyyətli proses olduğunu söyləyir: “Anbarın əsas üstünlüklərindən biri odur ki, burada toplanan su 80 faiz təbii durulmadan keçir. Sonra təmizlənməsi üçün qurğulara ötürülür. Suyun keyfiyyətli olması üçün qurğuların düzgün işləməsi vacibdir”.

Ceyranbatan sutəmizləyici qurğular kompleksi və magistral su kəmərləri 3 mərhələdə inşa edilib. Birinci mərhələ 1961-ci ildə istismara verilib. Kompleksin ikinci mərhələsi 1966-cı ildə, üçüncü mərhələsi isə Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə - 1978-ci ildə işə salınıb. Birinci və ikinci mərhələdə tikilən qurğuların hər birinin məhsuldarlığı saniyədə 2,64 kubmetr, üçüncü qurğunun məhsuldarlığı isə 2,1 kubmetr idi. 2015-ci ildə isə bu qurğular 4-cü nəsil ultrasüzgəcli avtomat qurğularla əvəzləndi. Qurğuların açılışında Prezident İlham Əliyev də iştirak etmişdi. Dünya Su Forumuna görə bu qurğular dünyada 2-ci yeri tutur.

İdarə rəisinin müavini qeyd edib ki, ultrasüzgəcli təmizləyici qurğular saniyədə 6,6 kubmetr su emal edə bilir. Bu, qış rejimində saniyədə 2,5 kubmetrə qədər endirilir, yay rejimində isə 6 kubmetrə qaldırılır: “Əhaliyə çatdırılacaq su modullardan keçir və kimyəvi tərkibinə heç bir təsiri olmayan süzmə prosesindən sonra istehlakçılara yönəldilir”.

Dünya Su Forumu mütəxəssislərinin 1990-cı illərdə laborator analizlərdən sonra verdiyi rəyi belədir ki, Ceyranbatan suyu keyfiyyət göstəricilərinə görə dünyada 7-ci yerdədir. Mütəxəssis bunu gölə yığılan suyun yerüstü sular olması ilə izah edir: “Günəş şüası görməyən yeraltı sulardan fərqli olaraq, burada su daşlara dəyir və oksidləşmə prosesi gedir, kimyəvi maddələrlə zənginləşir”.

Ceyranbatan suyu girişdə və çıxışda ciddi laborator yoxlamalardan keçir. Bu prosesin də qaydalara uyğun aparıldığını qeyd edən laboratoriya müdiri Xeyri Əşrəfova deyib: “24 saat fəaliyyət göstərən növbətçilər Abşeron yarımadasındakı əksər yerlərdən nümunələr götürürlər. Sutka ərzində qalıq xlor və suyun bulanıqlığı da ciddi rejimdə yoxlanılır”.

Bundan başqa, Səhiyyə Nazirliyinin mütəxəssisləri də müntəzəm olaraq Ceyranbatan su anbarında emal edilən suda sanitar yoxlamalar aparırlar.

 

 

 



 

Regionlar 2023-02-01 13:08:00